Azərbaycan ərazisindəki erməni silahlılarının sayı məlum olub

10 min nəfərdən çox erməni silahlı qüvvələri qanunsuz olaraq Azərbaycan Respublikasının ərazisində yerləşməkdə davam edir.

Metbuat.az xəbər verir ki, bu barədə sentyabrın 18-də Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin, Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovun və xarici işlər nazirinin muavini Fariz Rzayevin iştirakı ilə Xarici İşlər Nazirliyində Azərbaycan Respublikasında akkreditə olunmuş diplomatik korpus üçün təşkil olunan brifinqdə bildirilib.

Diqqətə çatdırılıb ki, yüklərin çatdırılması məsələsi Ermənistanın Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü hədəf alan hərbi və siyasi təxribatlarının artması hallarından təcrid olunmayıb.

"10 min nəfərdən çox erməni silahlı qüvvələri qanunsuz olaraq Azərbaycan Respublikasının ərazisində yerləşməkdə davam edir. Yüzdən çox tank və digər zirehli texnika, yaylım atəşli raket sistemləridə daxil olmaqla iki yüzdən çox ağır artilleriya qurğusu, onlarla müxtəlif radio-elektron mübarizə sistemi və iki yüzdən çox minaatan sistem hazırda Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində yerləşdirilib. Ermənistan öhdəliklərinə zidd olaraq bu qüvvələri texniki, hərbi, logistik və maliyyə dəstəyi ilə təmin edir. Azərbaycan ərazisindəki silahlı birləşmələr birbaşa Ermənistanın dövlət büdcəsindən maliyyələşdirilir. Ermənistan 4-cü bəndində erməni silahlı qüvvələrinin Rusiya Federasiyasının sülhməramlı kontingentinin yerləşdirilməsinə paralel olaraq çıxarılması tələbinin açıq şəkildə ifadə olunduğu 10 noyabr 2020-ci il Üçtərəfli Bəyanatını nümayişkaranə şəkildə pozur",- brifinqdə qeyd olunub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı