Azərbaycan alimləri qlobal təbiət problemlərinin həllində iştirak edəcəklər

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutunun (İSİ) nümayəndə heyəti Çin Xalq Respublikasında səfərdə olub.

İSİ-dən Metbuat.az-a bildirilib ki, səfərin məqsədi uzaqdan zondlama və müşahidə metodları ilə Yer haqqında aerokosmik informasiyanın toplanması, İpək Yolu üzərində yerləşən ölkələrində Data mərkəzlərdə yerləşdirilməsi və emalı vasitəsilə BMT-nin “Dayanıqlı İnkişaf Məqsədləri” proqramı çərçivəsində XXI əsrin qlobal Yer problemlərinin, o cümlədən təbii fəlakətlər, iqlim dəyişiklikləri, su resurslarının idarə olunması və digər təbiət problemlərinin həllində Çin alim və mütəxəssisləri ilə əməkdaşlığın qurulması və birgə layihələrin həyata keçirilməsi olub.

Azərbaycan nümayəndə heyəti Çin Elmlər Akademiyasının (ÇEA) Aerokosmik İnformasiya Tədqiqatları İnstitutunda və tədqiqat mərkəzlərində, Çin Milli Kosmik Administrasiyasının Yer Müşahidə Sistemi və Məlumat Mərkəzində, Şimali Çin (Pekin) Aerokosmik Mühəndislik Universitetində, Quançjou Universitetində və universitetlərin elmi-tədqiqat institutlarında, Şençjen şəhərində Süni İntellekt Assosiasiyasında görüşlər və müzakirələr aparıb. Onlar, həmçinin elm-sənaye platformasına əsaslanan aşağı orbitli peyklərin Yer haqqında informasiya xidmətləri verən “IPLOOK Technologies Co.,Ltd, China Communication Sevices Corporation”, “Twenty First Century Aerospace Technology Co.” (21AT) və intellektual robotların istehsalı ilə məşğul olan “DOBOT” şirkətinin fəaliyyəti ilə tanış olublar. Görüşlərdə əsasən aerokosmik informasiyanın emalı, birgə elmi-tədqiqat layihələrinin yerinə yetirilməsi və kadr hazırlığı üzrə əməkdaşlığın həyata keçirilməsi qənaətinə gəliblər.

ÇEA-nın Aerokosmik İnformasiya Tədqiqatları İnstitutu ilə İdarəetmə Sistemləri İnstitutu arasında uzaqdan zondlama ilə aerokosmik informasiyanın emalı sahəsində elmi-texniki əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb. Birgə işlərin həyata keçirilməsində Çin aerokosmik müəssisələrinin nümayəndələri ilə birlikdə “Azərkosmos” ASC, Milli Aerokosmik Agentliyi, Milli Aviasiya Akademiyasının və İnformasiya Texnologiyaları İnstitutunun alim və mütəxəssislərinin iştirakı nəzərdə tutulur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı