Ukrayna müharibəsini bu yolla dayandırmaq istəyirlər - DETALLAR

“Vaşinqton və London çalışır ki, Çin Ukrayna müharibəsinin dayandırılması üçün Rusiyaya təsir etsin. Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverlinin bir müddət əvvəl Çinə səfəri bununla əlaqəli idi”.

Metbuat.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, Böyük Britaniyanın xarici işlər nazirləri 5 il müddətində Çinə səfər etməmişdi:

“Bu səbəbdən Kleverli Pekində başqa mövzulara da toxunmaq məcburiyyətində idi. Səfəri mürəkkəbləşdirən səbəblərdən biri Britaniya parlamentinin Tayvanın “müstəqil dövlət” kimi tərənnüm etdirən hesabat hazırlaması idi. Halbuki buna qədər Böyük Britaniya parlamenti Tayvanın “müstəqilliyi” barədə rəy bildirmirdi. Britaniyalı deputatlar bu yanaşma ilə nazirlərinin Pekinə səfərini mürəkkəbləşdirdilər. Buna baxmayaraq, Ceyms Kleverli Pekindəki çıxışlarında diplomatik etiketdən kənara çıxmamağa çalışırdı. O, Böyük Britaniya ilə Çin arasındakı fikir ayrılıqlarının mövcudluğunu bildirsə də, bunun iki ölkə arasında işgüzar münasibətlərə təsir etmədiyini vurğuladı. O, Çin kimi böyük ölkənin dünyadakı proseslərdən izolə edilməsinin yanlış olacağını bildirdi.

Ceyms Kleverli Böyük Britaniyanın baş naziri Rişi Sunakın Hindistanda keçiriləcək “böyük iyirmilərin” toplantısında Çin lideri Si Szzinpinlə görüşünün detallarını da müzakirə etməli idi. Ancaq məlumdur ki, Szinpin Hindistandakı sammitdə iştirak etmədi. Digər tərəfdən Rişi Sunakın Çini sərt tənqidi Pekini Londonla münasibətlərdə narazı salan məqamlardandır. Rişi Sunak “böyük iyirmilər” dövlətlərinin başçıları arasında Szinpinlə görüşməyən yeganə liderdir”.

Politoloqun qənaətinə görə, Böyük Britaniyanın Pekinə bir səfəri ilə iki ölkə arasındakı münasibətləri normallaşdırmaq çətindir:

“Bunu London da etiraf edir. Halbuki 2015-ci ildə Böyük Britaniyanın o zamankı baş naziri Devid Kemeron Si Szinpinlə badə qaldıraraq iki ölkə arasındakı münasibətlərin “qızıl dövrünə” daxil olduğunu vurğulayırdı. Böyük Britaniyanın o zamankı maliyyə naziri Corc Osborn Böyük Britaniyanı Çinin Qərbdəki ən yaxşı tərəfdaşı adlandırırdı, ancaq belə olmadı. Çinin artan hərbi gücü, Pekinin uyğurlara olan sərt münasibəti, kiberhücumlar və kəşfiyyat qalmaqalları Londonla Pekin arasındakı münasibətləri gərginləşdirdi. Bunun üzərinə Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsinə Pekinin seyrçi qalmasını da əlavə etsək, Londonla Pekin arasındakı münasibətlərin normallaşması üçün zəminin olmadığı aydınlaşar. Böyük Britaniyanın hind əsilli baş naziri Rişi Sunak Çini beynəlxalq aləm üçün ən ciddi təhdidlərdən biri kimi qiymətləndirir. Bu arada, Böyük Britaniya deputatlarından birinin köməkçisinin Çinin xeyrinə casusluqda şübhəli bilinən köməkçisinin həbs edilməsi münasibətlərdə əlavə gərginlik yaradıb. “Times” qəzetində yayımlanan məqalədə, deputat köməkçisinin fəaliyyət sahəsinə xarici siyasət məsələləri, o cümlədən Pekinlə münasibətlər daxil idi. Deputat köməkçisi bir müddət Çində yaşayıb. London polisi məhz həmin dövrdə deputat köməkçisinin Çin kəşfiyyatına cəlb edilməsindən şübhələnir. Deputat köməkçisinin Mühafizəkarlar Partiyasının bir sıra yüksəkvəzifəli üzvləri və bir neçə nazir müavini ilə əlaqələri olub”.

Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı