Smart-kart sayğacların sayı 352 minə çatdı (FOTO)

Smart-kart sayğacların sayı 352 minə çatdı (FOTO)
16:33 19 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 19 yanvar /Trend/

2014-cü il ərzində “Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Bakı şəhəri və Abşeron yarımadasında, eləcə də regionlarda 142 min ədəd smart-kart tipli su sayğacı quraşdırılıb.

ASC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, quraşdırılmış sayğacların 134 min ədədi əhali, 8 min ədədi isə qeyri-əhali qrupunun payına düşür. Hesabat dövründə Bakı şəhəri və Abşeron yarımadası üzrə xidmət göstərilən ərazilərdə 93 min ədəd, regionlarda isə 49 min ədəd smart-kart sayğacı quraşdırılıb.

Respublikanın şəhər və rayon mərkəzlərində yeni su və kanalizasiya layihələrinin icrası çərçivəsində bütün abunəçilər smart-kart sayğaclarla təmin olunur.

Ümumilikdə smart-kart sayğacların tətbiqinə başlanıldığı 2012-ci ildən indiyədək quraşdırılmış smart-kart sayğacların sayı 352 minə çatıb.

Smart-kart sayğacların quraşdırılması əhali və qeyri əhali qrupu abunəçiləri üçün paralel aparılır. İndiyə qədər quraşdırılmış sayğacların 320 min ədədi əhali, 32 min ədədi isə qeyri-əhali qrupu abunəçilərinin payına düşür. Təhlillər göstərir ki, smart-kart tipli sayğaclar quraşdırıldıqdan sonra abunəçilərin su itkiləri azalaraq satış həcmi artıb, eyni zamanda, həmin abunəçilər üzrə ödəniş 100 faiz təmin olunub.

1 yanvar 2015-ci il tarixə “Azərsu” ASC üzrə abunəçilərin 750 mini və ya 57 faizi sayğaclarla təmin olunub. Əhali qrupu üzrə sayğaclaşma səviyyəsi 56 faiz, qeyri-əhali qrupu üzrə isə 77 faiz təşkil edir.

Hazırda Bakı şəhəri və ətraf qəsəbələrdə, eləcə də bölgələrdə smart-kart sayğacların quraşdırılması davam etdirilir.

2014-cü ildə magistral xətlər üzərində 20 ədəd elektromaqnit zond tipli ABB, rayon sukanal idarələrinin xidmət göstərdiyi ərazilərin hüdudlarında 75 ədəd elektromaqnit flens tipli KROHNE su sayğacları quraşdırılaraq istismara verilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR