​Masallıdakı güclü yanğınla bağlı qorxunc iddia - VİDEO

Masallıda ticarət mərkəzində baş varmiş yanğın söndürülüb, cinayət işi başlanıb.

Metbuat.az xəbər verir ki, bu barədə Baş Prokurorluq və Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətlərinin birgə məlumatında qeyd edilib.Bildirilib ki, oktyabrın 6-da Masallı şəhərində yerləşən “Cavid-F” MMC-yə məxsus ticarət mərkəzinin ərazisində yanğın hadisəsi baş verməsi barədə daxil olmuş məlumat əsasında FHN-in əməkdaşları hadisə yerinə çıxıb. Görülmüş operativ və təxirəsalınmaz tədbirlər nəticəsində yanğın söndürülüb. Hadisə nəticəsində ayrı-ayrı sahibkarlara məxsus ticarət obyektləri içərisindəki müxtəlif çeşidli mallarla birlikdə yanğının təsirinə məruz qalıb, 7 nəfər şəxs isə yanıq xəsarətləri ilə Masallı rayon Mərkəzi xəstəxanasına yerləşdirilib, hazırda müalicələri davam etdirilir. Fakta görə Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-istintaq idarəsində Cinayət Məcəlləsinin 225.2-ci maddəsi ilə (yanğın təhlükəsizliyi qaydalarını pozma) cinayət işi başlanıb. Yanğının səbəbini və dəymiş ziyanın həcminin müəyyən edilməsi üçün iş üzrə məhkəmə yanğın-texniki, məhkəmə tikinti-texniki və əmtəəşünaslıq ekspertizaları təyin edilib. Hazırda zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Qeyd edək ki, Masallıda bazarın qəsdən yandırıldığı iddia edilir. "Report"un cənub bürosu xəbər verir ki, bu barədə bazarın bir neçə ay əvvəl təyin olunan yeni sahibi Afər Cahangirov deyib. O qeyd edib ki, bazarın əvvəlki sahibi ilə aralarında narazılıqlar olub. Bazara təyin olunduqdan sonra oradakı qanunsuzluqlara son qoymağa çalışıb, bu isə satıcılarla yeni problemlər yaradıb.

"Çox güman ki, yanğın qəsdən törədilib", - o vurğulayıb.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı