240 manat rüşvət alan şəxsə bu qədər CƏZA VERİLDİ

Şimal Ərazi Baş Gömrük İdarəsinin Şirvanlı Gömrük Postunun rüşvət almaqda təqsirli bilinərək şərti cəza verilmiş əməkdaşı Cavid Məmmədovla bağlı hökmdən verilmiş apellyasiya protestinə baxılıb.

Metbuat.az “Qafqazinfo”ya istinadən bildirir ki, Bakı Apellyasiya Məhkəməsində keçirilən iclasda dövlət ittihamçısı etirazını əsaslandırıb.

Prokuror deyib ki, baxılan iş birinci instansiya məhkəməsində düzgün araşdırılmayıb, törədilən cinayətin ağırlığına münasibətdə yüngül cəza təyin edilib.

İttiham tərəfi çıxışında qeyd edib ki, təqsirləndirilən şəxsin əməlindən səmimi peşmanlığı, əvvəllər cinayət törətməməsi və gənc olması yüngülləşdirici hal kimi nəzərə alınıb ki, bu da şəxsin islah edilməsi, həm məhkum, həm də digərləri tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması baxımından ədalətli sayıla bilməz.

Təqsirləndirilən şəxsin vəkili isə protestin rədd edilməsini, müvəkkilinə tətbiq edilmiş şərti cəzanın qüvvədə saxlanılmasını istəyib. Müdafiə tərəfi həmçinin sınaq müddətinin 1 ilə endirilməsini xahiş edib.

Qədim Babayevin sədrlik etdiyi hakimlər heyəti prokurorun protestini əsaslı, müdafiəçinin şikayətini əsassız hesab edib.

Qərara əsasən, Cavid Məmmədov rüşvət almaqda təqsirli bilinərək 7 il 6 ay azadlıqdan məhrm edilib. O, məhkəmə zalında həbs olunub.

Qeyd edək ki, Cavid Məmmədov Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs edilib. İttihamda deyilir ki, təqsirləndirilən şəxs gömrük postunda da yoxlamaların səthi və sürətli aparılması müqabilində qanunsuzluqlara yol verib. O, ümumilikdə 240 manat rüşvət alıb, 400 manatı isə rüşvət qismində almağa cəhd edib.

Ona qarşı Cinayət Məcəlləsinin 311.2 (rüşvət alma) və 311.3.2-ci (təkrar rüşvət alma) maddələri ilə ittiham irəli sürülüb, barəsində həbs qətimkan tədbiri seçilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin 2023-cü il 27 iyul tarixli hökmü ilə C.Məmmədova 2 il sınaq müddəti seçilməklə şərti cəza verilmiş, o, məhkəmə zalından azadlığa buraxılmışdı.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı