Dövlət qulluğuna qəbul üçün müsahibələrin qrafiki açıqlandı

6 sentyabr 2023-ci il tarixində elan edilmiş müsabiqənin müsahibə mərhələsinin keçirilmə qrafiki müəyyən edilib.

Bu barədə Metbuat.az-a Dövlət İmtahan Mərkəzindən xəbər verilib.

Elan üzrə 45 dövlət orqanında mövcud olan inzibati dövlət qulluğu vəzifələrinə aid 222 vəzifə (A növündə 5 vakant, B növündə 217 vakant) müsahibəyə çıxarılıb.

Elana çıxarılan vəzifələr üzrə qeydiyyatdan keçmiş 1613 namizədlə 2735 müsahibənin keçirilməsi planlaşdırılır.

Ən yüksək müraciət sayı Dövlət Statistika Komitəsi, Bakı şəhəri statistika idarəsi, Həyat keyfiyyətinin statistikası sektoru, məsləhətçi (1 vakant yer üzrə 227 namizəd), Gənclər və İdman Nazirliyi, Gənclərlə iş şöbəsi, İnnovativ inkişaf sektoru, aparıcı məsləhətçi (1 vakant yer üzrə 224 namizəd), Diasporla İş üzrə Dövlət Komitəsi, Dövlət qulluğu, hüquqi təminat və sənədlərlə iş şöbəsi, Dövlət qulluğu sektoru, məsləhətçi (1 vakant yer üzrə 199 namizəd) vəzifələri üzrə qeydə alınmışdır.

Müsahibələrin 1 noyabr 2023-cü il - 23 yanvar 2024-cü il tarixlərində keçirilməsi nəzərdə tutulur. Müsahibədə iştirak üçün qeydiyyatdan keçmiş namizədlər müsahibə vaxtı və yeri haqqında daha ətraflı məlumatı buradan əldə edə bilərlər.

Namizəd 48 saat ərzində (23 oktyabr 2023-cü ildən - 25 oktyabr 2023-cü il saat 16:00-dək) müsahibədə iştirak edib-etməyəcəyini dəqiqləşdirməlidir. Müsahibədə iştirak etməyəcəyi halda müsahibələrin keçirilmə qrafikində şəxsi kabinetinin kodunu seçib açılan müraciət formasında 'İMTİNA' düyməsini sıxmaqla müsahibədə iştirakdan imtina edə bilər. Bu hal namizədin ödənişsiz qaydada iştirak hüququ nəzərdə tutulan müsahibə sayında nəzərə alınacaq, habelə müsahibədə iştirakla bağlı ödəniş (olduğu halda) namizədin şəxsi kabinetinə (bank xərcləri tutulmaqla) geri qaytarılacaqdır.

Müəyyən edilmiş vaxt bitdikdən sonra müsahibənin keçirilmə tarixindən bir gün əvvəl saat 16:00-dək müsahibədə iştirakdan imtina namizədlərin ödənişsiz qaydada iştirak hüququ nəzərdə tutulan müsahibə sayında nəzərə alınmayacaq, habelə müsahibədə iştirakla bağlı ödəniş (olduğu halda) geri qaytarılmayacaqdır.

Müsabiqənin müsahibə mərhələsində iştirak üçün müraciət edən namizədlərə müsahibədə ödənişsiz iştirak hüquqlarından səmərəli istifadə etmələri, habelə vəzifə seçərkən diqqətli olmaları, iddia etdikləri vəzifənin qulluq funksiyaları, tutulma şərtləri, habelə müsahibə proqramları ilə tanış olmaları və həmin vəzifədə çalışmaq istəklərini dəqiq müəyyən etmələri tövsiyə edilir.

Nəzərə almaq lazımdır ki, müsahibələrin təşkili və keçirilməsi üçün Dövlət İmtahan Mərkəzi və dövlət orqanları tərəfindən kifayət qədər vəsait və resurslar sərf olunur. Mərkəz namizədlərin diqqətinə çatdırır ki, onların müsahibədə iştirak etməmələri üzrlü hal kimi qəbul edilmir, namizədlərin məsuliyyətsizliyi kimi xarakterizə edilir və belə hallar Mərkəzin məlumat bazasında qeydiyyata alınır. Namizədlərdən müsahibənin başlanma vaxtından ən azı 30 dəqiqə əvvəl müsahibələrin keçiriləcəyi binaya yaxınlaşmaları xahiş olunur. Dövlət qulluğu vəzifələrinin tutulması məqsədilə keçirilən müsahibələrdə iştirak edən namizədlər yaddaş kitabçası ilə buradan tanış ola bilərlər.

Qeyd: Təyin edilmiş müsahibə günü etibarlı sertifikatı olmayan namizədlərin müsahibələri ləğv edilmişdir. Müsahibənin keçirilməsi üçün namizəd müsahibə gününə qədər müvafiq sertifikat əldə edərək DİM-ə müraciət etməlidir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı