Azərbaycanda əhali bankdan krediti nə üçün görürür?

Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatına görə, bu ilin ikinci rübündə Azərbaycan banklarında istehlak kreditlərinə tələb 29 faiz artıb.

2023-cü ilin birinci yarısında Azərbaycan banklarının istehlak kreditləri portfeli 9.9% və ya 571 milyon manat artaraq 6.3 milyard manat təşkil edib. 2023-cü ilin birinci yarısında biznes kreditləri 7.3% (795 milyon manat) artaraq 11.7 milyard manat təşkil edib. 2023-cü ilin sonuna bankların kredit portfelinin strukturunda 55% biznes kreditlərinin payına düşür.

Azərbaycanla müqayisədə Avropada əhalinin kreditlərə necə maraq göstərdiyi ilə bağlı Metbuat.az-a danışan Almaniyanın "Commerz" Bankının Maliyyə və Riskin İdarə olunması şöbəsinin aparıcı mütəxəssisi, iqtisadçı-ekspert Murad Calalov dedi ki, ümumiyyətlə təkcə Azərbaycanda deyil, bizimlə ortaq mədəniyyətə malik digər millətlər də istehlak kreditlərinə daha çox müraciət edirlər:


“Azərbaycanda Avropa ölkələri ilə müqayisədə daha çox istehlak kreditlərinə maraq var. Məsələ ondadır ki, Avropada əhalinin rifah halı, yaşayış səviyyəsi daha yüksək olduğu üçün onlar tələbatlarını öz qazanclarından ödəyə bilirlər. İkinci səbəb də odur ki, Azərbaycanda insanların maraq və istəkləri xarici ölkələrdə yaşayanlardan daha yüksəkdir. Bu hal özünü həm mənzil və yaşayış səviyyəsində, həm sürdüyü maşınlarda, hətta işlətdiyi elektrik məhsullarında belə biruzə verir. Əhali daha çox lüksə dəyər verdikcə, hətta qazandığı əmək haqqı ona almağa imkan vermədiyi təqdirdə belə bu istəyin reallaşması üçün kredit almağa yönəlirlər. Amma Avropada insanlar daha çox imkan daxilində, özlərinə uyğun əşyalardan istifadə etdiyi üçün istehlak kreditlərinə müraciət sayı da azdır”.

Avropada əhalinin daha çox ipoteka və biznes kreditlərinə maraq göstərdiyini vurğulayan ekspert qeyd etdi ki, xüsusilə Almaniya, Fransa, İngiltərə, o cümlədən Skandaviya ölkələrində insanlara 3-5 faizlik uzun müddətli kreditlər verilir:

"Avro zonasında istehlak krediti üzrə orta faiz dərəcəsi təxminən 4,7 faiz təşkil edir. Fransa, Hollandiya və Belçika üç faizdən aşağı istehlak kreditləri üçün ən aşağı faiz dərəcələri olan ölkələr sırasındadır. İpoteka kreditləri avrozona daxilində ümumi kreditləşmənin əhəmiyyətli faizini təşkil edir. Almaniyada istehlak krediti artımı 2023-cü ildə 0,6 faiz olsa da, 2024-cü ildə 1,8%-ə qədər artacağı proqnozlaşdırılır. Fransa bu sahədə daha çox möhkəmlik nümayiş etdirir. Fransa ÜDM-i 2023-cü ilin birinci rübündə 0,2 faiz artıb”.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı