Metropolitenin 28-ci stansiyasında sərnişin platforması inşa olunub - FOTOLAR

Bənövşəyi xəttin layihə adı “B-04” olan stansiyasında daha bir səviyyədə qazıntı işləri tamamlanıb. Müvafiq layihə və texnoloji proseslərin ardıcıllığı əsasında qazıntı hər səviyyədə üç zonaya bölünərək aparılıb. Bu səbəbdən qazıntıya paralel olaraq, tikinti-quraşdırma işləri də təmin edilib.

Metbuat.az xəbər verir ki, metropolitenin istifadəyə veriləcək 28-ci, Bənövşəyi xəttin isə 5-ci stansiyası Heydər Əliyev adına İdman-Konsert Kompleksi ilə 1 saylı Şəhər Klinik Xəstəxanası arasındakı ərazidə - Cəlil Məmmədquluzadə küçəsində yerləşir.

İnşaat kompleksinin ümumi uzunluğu 167,7 metr olan “B-04” stansiyası 4 səviyyədən ibarətdir. Dəmir-beton işləri sonuncu - dördüncü səviyyədə davam edir. Sərnişinlərin stansiyaya qəbul ediləcəyi vestibül və kassa zalı ən yuxarı - birinci mərtəbədə olacaq. Zalı sərnişin platformasının yerləşdiyi 4-cü səviyyə ilə 19 eskalator, pilləkənlər və 3 lift birləşdirəcək. Amma bu arada daha 2 səviyyə var. Onlardan biri keçid səviyyəsi adlanır. Gələcəkdə buradan Sarı xəttin 6-cı stansiyasına keçid inşa olunacaq. 3-cü səviyyəyə “orta” mənasını verən “mezonin” deyilir. Bura texniki mərtəbədir. Xidməti otaqlar, 4 havalandırma kamerası və stansiyanın işini təmin edən digər funksional avadanlıqlar burada yerləşdiriləcək.

Hər 3 səviyyədə fundamental tikinti işləri başa çatıb. Birinci səviyyədə 4 sərnişin keçidinin yerləşəcəyi ərazilərdə isə tədbirlərə tam hazırlıq görülüb. Bununla əlaqədar maşın və mexanizmlər, avadanlıq və material təchizat işləri yekunlaşdırılıb. Ərazidə yaşıllıq və yeraltı kommunikasiyaların yerinin dəyişdirilməsi ilə bağlı məsələlərin həlli istiqamətində də hazırda tədbirlər görülür. Keçidlərin layihələri ekspertiza komissiyasında təsdiq edildikdən sonra işlərə başlanılacaq.

Stansiyanın bütün səviyyələrini əhatə edən xidməti pilləkən tam inşa edilib. Sərnişinlərin istifadə edəcəyi pilləkənlər qismən, qəza-çıxış pilləkənləri isə hazırda müvafiq konstruksiyaları yığılmaqla mərhələli şəkildə inşa olunur. Birinci səviyyədə xidməti otaqların və müvafiq arakəsmələrin tikilməsi, habelə eskalatorların quraşdırılacağı yerlərin qurulması isə növbəti mərhələdə yerinə yetiriləcək.

Qeyd edək ki, stansiyada quraşdırılacaq 4 ventilyatorun Rusiyadan, 17 eskalatorlarun isə Almaniyadan gətirilməsi prosesi yekunlaşdırılıb. Daha iki eskalator əvvəlki dövrdə paytaxta gətirilmişdi. İlin sonuna qədər 3 liftin də Bakı metropoliteninə çatdırılması gözlənilir. Beləliklə stansiya quraşdırma və təchizat işlərinə də hazır vəziyyətə gətirilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı