Mehriban Əliyeva: İsrail-Fələstin münaqişə zonasında gərginlik ciddi narahatlıq doğurur

İsrail-Fələstin münaqişə zonasında gərginliyin miqyasının gündən-günə genişlənməsi və daha böyük insan faciəsinə səbəb olması ciddi narahatlıq doğurur.

Metbuat.az xəbər verir ki, bu barədə Birinci xanım Mehriban Əliyevanın noyabrın 15-də İstanbulda keçirilən dövlət və hökumət başçılarının xanımlarının “Fələstin üçün tək ürək” toplantısının iştirakçılarına müraciətində deyilir.

“Ürək ağrısı ilə izlədiyimiz dözülməz insan iztirabları hər birimizi dərindən sarsıdır. Bu silahlı qarşıdurmadan ən çox əziyyət çəkənlərin mülki şəxslər, xüsusilə də qadınlar və uşaqlar olması olduqca üzücüdür. Hərbi əməliyyatların aparılması zamanı beynəlxalq humanitar hüquqa riayət edilməsi zəruridir. Mən həlak olanların yaxınlarına başsağlığı verir, yaralananların tezliklə şəfa tapmasını diləyirəm.

Azərbaycan hərbi əməliyyatların dərhal dayandırılması ilə bağlı çağırışları dəstəkləyir və son gərginliklə əlaqədar oktyabr ayında BMT Baş Assambleyasında qəbul edilmiş qətnamənin lehinə səs vermişdir. Ölkəmiz beynəlxalq hüquqa və BMT-nin müvafiq qətnamələrinə uyğun olaraq, İsrail-Fələstin münaqişəsinin “iki dövlət” prinsipi əsasında həllinin tərəfdarıdır. 2019-ci ildən etibarən Qoşulmama Hərəkatına sədrliyimiz dövründə Fələstin məsələsinə daim diqqət ayırmışıq. İnanıram ki, bu il Ramallah şəhərində ölkəmizin Təmsilçilik Ofisinin fəaliyyətə başlaması Azərbaycan-Fələstin əlaqələrinin inkişafına təkan verəcəkdir”, - müraciətdə vurğulanıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı