Əli Əsədov Britaniyanın ixracat naziri ilə görüşüb

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov dekabrın 7-də Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Dövlət katibinin parlament üzrə müavini, Biznes və Ticarət Departamentində ixracat naziri Lord Offordla görüşüb.

Nazirlər Kabinetindən Metbuat.az-a verilən məlumata görə, görüşdə Azərbaycanla Böyük Britaniya arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyi qeyd edildi.

Dövlətlərarası münasibətlərin gündəliyinin çox geniş olduğu bildirilərək iqtisadi-ticari əməkdaşlığın dinamikasından məmnunluq ifadə edildi.

Bildirildi ki, 2022-ci ildə ticarət dövriyyəsinin həcmi 55%-dən çox artaraq 1 milyard ABŞ dollarını üstələyib.

Bununla yanaşı ticarət əlaqələrinin genişləndirilməsi və şaxələndirilməsi üçün yaxşı imkanların mövcud olduğu diqqətə çatdırıldı. İqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın Bakıda keçirilən 6-cı iclasının bu istiqamətdə birgə atılan səylərə töhfə verəcəyinə əminlik ifadə olundu.

Böyük Britaniyanın 35 milyard ABŞ dollarına yaxın sərmayə yatırımı ilə Azərbaycanda ən böyük xarici investor olduğu bildirildi.

İki ölkə arasında enerji sahəsində əməkdaşlığın yüksək səviyyəsi təqdir edildi, bu baxımdan BP şirkəti ilə uzun illər səmərəli və qarşılıqlı etimada əsaslanan tərəfdaşlığın əhəmiyyəti xüsusi vurğulandı.

Cənub Qaz Dəhlizi kimi enerji təhlükəsizliyi layihələri uğurlu enerji əməkdaşlığının nümunəsi kimi dəyərləndirildi.

Azərbaycanın 2027-ci ilə qədər Avropaya qaz təchizatının iki dəfə artırılması planları barədə məlumat verildi. Bu istiqamətdə BP şirkəti ilə əməkdaşlığın davam edəcəyinə ümidvarlıq ifadə olundu.

Eyni zamanda iki ölkə arasında bərpaolunan enerji sahəsində əməkdaşlığın gündəliyində duran məsələlər müzakirə edildi. BP ilə həyata keçiriləcək Cəbrayılda 240 MVt gücündə günəş enerjisi layihəsinin ölkəmizin “yaşıl” enerjiyə keçid istiqamətində səylərinə mühüm töhfə verəcəyi bildirildi.

Görüşdə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan bərpa və quruculuq işləri barədə məlumat verildi.

Hazırda həmin ərazilərdə həyata keçirilən layihələrə, xüsusilə minatəmizləmə işlərinə bir neçə Böyük Britaniya şirkətinin cəlb olunduğu bildirildi.

Tərəflər nəqliyyat sahəsində əməkdaşlığın perspektivlərini nəzərdən keçirdilər. Azərbaycanın Avrasiyanın aparıcı nəqliyyat-tranzit qovşağına çevrildiyi bildirildi. Son vaxtlar Orta Dəhlizin artan aktuallığına diqqət çəkilərək bu beynəlxalq nəqliyyat marşrutunun Böyük Britaniya hökuməti tərəfindən də maraqla izlənməsi və dəstəklənməsi təqdir edildi.

Tərəflər həmçinin humanitar əməkdaşlığı nəzərdən keçirdilər, təhsil sahəsini bu kontekstdə vacib istiqamət kimi dəyərləndirdilər.

Görüş zamanı iki ölkə arasında qarşılıqlı maraq doğuran müxtəlif istiqamətlərdə əməkdaşlığın perspektivləri müzakirə olundu.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı