​“Soyuq Əllər, İsti Ürək”in təntənəli açılış mərasimi baş tutdu - FOTO

“Soyuq Əllər, İsti Ürək” xeyriyyə yarmarkasının açılışı baş tutdu.

Metbuat.az xəbər verir ki, dekabrın 1-də Fəvvarələr meydanında “Soyuq Əllər, İsti Ürək” 2023-2024 xeyriyyə yarmarkasının təntənəli açılış mərasimi baş tutdu.

2013-cü ildən etibarən hər il Yeni il ərəfəsində “Nargis” Fondu tərəfindən keçirilən “Soyuq Əllər, İsti Ürək” xeyriyyə yarmarkası Azərbaycanın müxtəlif guşələrindən Fonda müraciət edən ailələrə ümid bəxş edir. Hər il olduğu kimi, builki yarmarka sponsorlarının maliyyə dəstəyi və yarmarkada qurulan evlərin kirayəsindən toplanan bütün vəsait müxtəlif xəstəliklərdən əziyyət çəkən uşaqların müalicə və əməliyyat xərclərinin qarşılanmasına sərf edilir. Hər il internat, uşaq evləri, sığınacaqlar, müxtəlif sosial xidmət müəssisələrinin azyaşlı sakinləri yarmarkanın xüsusi qonaqları olurlar. Hər bir yarmarkanın maliyyə hesabatı və nəticələri haqqında ətraflı məlumat Fondun rəsmi www.nargisfund.com vebsaytı və sosial şəbəkə hesablarında paylaşılır.

Yarmarkanın açılışı münasibətilə Fəvvarələr meydanı ərazisində möhtəşəm yubiley konserti təşkil olundu. “Özəl Media” tərəfindən təşkil edilmiş konsert proqramında Aygün Kazımova, Brilliant Dadaşeva, Sevda Ələkbərzadə, Lalə Məmmədova, Elnur Məmmədov, Elton, Nərmin Kərimbəyova Rəsul Əfəndiyev, Aisel və digər ulduzlar iştirak etdi və bütün qonaqları üçün sevilən parçalarını ifa etdilər.

Əhali arasında “Bakının qış nağılı” kimi də tanınan “Soyuq Əllər, İsti Ürək” xeyriyyə yarmarkası 15 yanvar 2024-cü il tarixinədək hər gün saat 11:00-dan 23:00-dək fəaliyyət göstərəcək.
Tədbirin rəsmi tərəfdaşları Bakı Şəhər İcra Hakimiyyəti, “Azərişıq” ASC, Bakı Abadlıq Xidməti, Azərbaycan Dövlət Reklam Agentliyi, “Azərbaycan Hava Yolları” QSC, Paşa Holdinq Təhlükəsizlik Xidməti, “HazırCavab” və “Bakı Strafor Kəsim” MMC-dir. “Soyuq Əllər, İsti Ürək” xeyriyyə yarmarkası sponsorlar “PAŞA Holding”, “Azercell”, “Coca-Cola”, “R GROUP HOLDING”, “Xırta-Xırt”, “TESS”, “Absheron Olive Gardens”, “Abrau Junior”, “Atabey Çiğ Köfte”, “Corndog”, “Vyana Şokolad Evi”, “Lays”, “Haribo”, “Ozmo”, “Nescafe”, “BirBank”, “Mr.Kumpir”, “Chocolatier”şirkətlərinin əvəzolunmaz dəstəyi ilə keçirilir.

Yarmarka 64 böyük və 20 balaca ev, 3 ədəd iki mərtəbəli restoran, oyun zonası, fotozona, 4D kinoteatr, qorxu otağı, labirint otağı, Qrinç evi, kiçik köşklər, müxtəlif tematik guşələr, Santa evi və böyük Yeni il şam ağacından ibarətdir. Yarmarka ərazisində quraşdırılmış iki ədəd böyük monitorda yarmarka haqqında ətraflı məlumat və yarmarkanın xəritəsi nümayiş olunur.

Yarmarkanın qonaqları eksklüziv suvenirlər, hədiyyələr əldə edə, münasib qiymətə Qərbin və Şərqin unikal ləzzətli təamlarını kəşf edə, tematik guşələrə baş çəkə, soyuq qış günündə isti içkilərlə isinə, müxtəlif oyunlar oynaya, şəkillər çəkdirə və sevdikləri ilə birlikdə əsl Yeni il ab-havası kəşf edə bilərlər. Burada hər kəsi çoxlu sürprizlər, tədbirlər və tematik günlər gözləyir.

On il ərzində Nargis Fondunun xeyriyyə yarmarkaları sayəsində onlarla uşaq yenidən sağlamlığa qovuşub və bu, hər birimizin uğurudur. Əziz Bakı sakinləri və şəhərimizin qonaqları, yarmarkaya gəlib Yeni il sehrini birlikdə kəşf etməyə hər birinizi dəvət edirik! Yeni il hər bir evə möcüzə gətirəcək.
Havalar soyuq olsa da qəlblərimiz daim isti olsun!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı