17 ildən sonra Rəqabət Məcəlləsi təsdiqləndi

Milli Məclis Rəqabət Məcəlləsi haqqında qanun layihəsini üçüncü oxunuşda müzakirəyə çıxarıb.

Metbuat.az xəbər verir ki, layihəni parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili təqdim edib.

Məcəllə hökmran mövqedən sui-istifadənin qarşısının alınması və rəqabət neytrallığının təmin edilməsinə xidmət etməklə yanaşı, sahibkarlıq subyektlərinin fəaliyyətinin stimullaşdırılmasına da imkan yaradacaq. 2006-cı ildə prezident tərəfindən Milli Məclisə təqdim edilən Rəqabət Məcəlləsi 17 ildir ki, qəbul olunmurdu.

Layihə Türkiyə, ABŞ, Avropa İttifaqı, Almaniya, Avstriya, Latviya, Litva, Macarıstan və Çexiya qanunvericilikləri başda olmaqla, qabaqcıl beynəlxalq təcrübə, həmçinin yerli bazarın xüsusiyyətləri nəzərə alınmaqla ərsəyə gətirilib.

Ekspertlər hesab edir ki, Rəqabət Məcəlləsinin qəbulu inhisara qarşı mübarizə, qiymətlərin optimallaşdırılması və bir sıra məhsullar üzrə qiymətlərin azadılmasına xidmət etməsi baxımından əhəmiyyətlidir.

Bu gün bütün inkişaf etmiş ölkələrdə bu istiqamətdə qanunvericilik var Avropa İttifaqında ən vacib qanunlardan biri də rəqabət ilə bağlı qanundur. Ona görə də Rəqabət Məcəlləsinin qəbul edilməsi nəticədə Azərbaycanın iqtisadiyyatında rəqabətin daha yaxından dəstəklənməsində, inhisara qarşı mübarizənin gücləndirilməsində xüsusi paya malik olacaq.

Ekspertlərin daha bir proqnozu məcəllənin qəbulu nəticəsində özəl sektor tərəfindən süni qiymətin formalaşmasına maneələrin aradan qaldırılması istiqamətindədir.

Qeyd edək ki, Məcəllə qəbul edildikdən təxminən 6 ay sonra, yəni 2024-cü il iyulun 1-də qüvvəyə minəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı