Bu il istehsal olunan elektrik enerjisinin həcmi açıqlandı

Yanvar-noyabr aylarında İES-lər üzrə 24 525.1 mln. kVt/st, su da daxil olmaqla, bərpa olunan mənbələrdən 1 962.4 mln. kVt/st elektrik enerjisi istehsal edilib.

Metbuat.az xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.

"Bu ilin 11 ayında, operativ məlumatlara əsasən, ötən ilin eyni dövrü ilə müqayisədə, elektrik enerjisinin istehsalı 223 mln. kVt/st artaraq 26 487.5 mln. kVt/st, ixrac 2752.7 mln. kVt/st, idxal isə 200.8 mln. kVt/st olub", - nazir qeyd edib.

Xatırladaq ki, 2022-ci ildə ölkədə illik müqayisədə 4 faiz artaraq 28 milyard 988 milyon kilovat-saatdan çox elektrik enerjisi istehsal edilib. 3 milyard kilovat-saatdan çox elektrik enerjisi ixrac edilib, 137,1 milyon kilovat-saat isə idxal olunub.

Qeyd edək ki, Azərbaycanda bərpa olunan enerjinin istehsalı və ixracı üzrə irimiqyaslı layihələr həyata keçirilir. Azərbaycanın energetika nazirinin müavini Samir Vəliyevin bir qədər əvvəl dediyi kimi, birinci mərhələdə dörd ölkənin iştirakı ilə yaşıl enerji sahəsində beynəlxalq əməkdaşlıq platforması yaradılıb.

“Biz külək elektrik stansiyaları üçün elektrik xətlərinin çəkilməsi, o cümlədən Qara dənizin dibi boyunca kabel vasitəsilə Xəzər dənizini Avropa ilə birləşdirəcək “yaşıl” enerji dəhlizinin yaradılması üzərində işləyirik”, - nazir müavini vurğulayıb.

Vəliyev onu da əlavə edib ki, ilkin olaraq Qara dəniz vasitəsilə Avropaya 4 giqavat, Naxçıvan vasitəsilə Türkiyə və Avropaya 1 gigavat elektrik enerjisinin ixracı nəzərdə tutulur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı