Gələn il Azərbaycanda elektron imtahanlar keçiriləcək

Elektron imtahanların standartlaşdırılması və bu imtahanların rəqəmsal əlçatanlığının artırılması hədəfinə çatmaq üçün 2024-cü ildən etibarən Dövlət İmtahan Mərkəzinin yeni imtahan korpusunda elektron imtahanların keçirilməsi nəzərdə tutulur.

Metbuat.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Azərbaycan müəllimlərinin XVI Qurultayında çıxışı zamanı deyib.

DİM sədri bildirib ki, növbəti mərhələdə, ölkədə kompüter və internet olan məktəblərin lisenziyalaşmasının aparılmasından sonra iştirakçı sayı 2000-dək olan imtahanların bu məktəblərdə onlayn şəkildə keçirilməsi nəzərdə tutulur:

"Daha kütləvi imtahanların bu formata keçirilməsi bir qədər çox vaxt tələb edir ki, bu da bizdən asılı olmayan səbəblərlə bağlıdır. Bu layihənin Elm və Təhsil Nazirliyi ilə birgə həyata keçirilməsi planlaşdırılır".

"Daha bir vacib hədəfimiz - rəqəmsal iqtisadiyyatın tələblərinə uyğun olaraq təhsilalanların səriştələrinin yoxlanılmasıdır. Bu, təkcə informatika dərslərində rəqəmsal kompetensiyaların deyil, digər fənlərdən də bilik və bacarıqların yeni formatda qiymətləndirilməsini nəzərdə tutur", - DİM sədri əlavə edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı