"Ekspress" qatarlarda vaqonlar artırılacaq

Gələn ildən Bakı dairəvi dəmir yolu xətti ilə hərəkət edən "ekspress" qatarları üzrə vaqonların sayı 10-a çatdırılacaq.

Bu barədə Metbuat.az-a Azərbaycan Dəmir Yolları QSC-nin Mətbuat Katibliyi şöbəsinin müdiri Sənubər Nəzərova bildirib.

S.Nəzərova "ekspress" qatarların sayının da artırılmasının nəzərdə tutulduğunu deyib:

"Bu il "ekspress" qatarımız Abşeron dairəvi marşrutu üzrə fəaliyyətə başlayıb. Bu qatarın fəaliyyətə başlaması gündəlik 1 000 nəfərə yaxın sərnişinin mənzil başına vaxtında çatdırılmasına töhfə verir. Gələn il üçün daha geniş planlarımız var. Belə ki, təhlükəsizliklə bağlı dəmiryolu xətlərinə yaxın yerləşən yaşayış massivlərində, xüsusilə icma və məktəblərdə yol hərəkəti qaydalarının təbliğ olunması istiqamətində geniş kampaniyalar təşkil edəcəyik".

S.Nəzərova əlavə edib.ki, Abşeron dairəvi xəttinin genişləndirilməsi və mərhələli şəkildə regionlarda sərnişindaşımanı bərpa etmək üçün 3 illik strategiya üzərində iş gedir: "Bakı-Balakən-Bakı marşrutu üzrə sərnişindaşımanı bərpa etmək üçün lazımi tədbirləri görürük. Hazırda Yevlax-Balakən istiqamətində infrastrukturun kompleks sağlamlaşdırılması işləri aparılır. 2024-cü ildə Abşeron dairəvi xətti, Gəncə, Goran və Qəbələ vağzallarında pulsuz vayfay zonasının fəaliyyət göstərməsini təmin edəcəyik".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı