Bakı 2015 alovu iyunun 4-də Şabrana yol aldı.

Metbuat.az-ın məlumatına görə, məşəl estafeti Məhəmməd Əmin Rəsulzadə küçəsində - şəhərin girişində Telman Bayramovun yürüşü ilə start götürdü. 2,33 km davam edən bu yürüşdə Hacıbala Rəşidov, Yasəf Quliyev, Elvin Bağırov, Nərmin Ağaməliyeva, Əbdülrəhim Qənbərov, Mahir Ağamalıyev, Rahib Babayev, Elmar Fərzəliyev və cüdoçu Asif Abdullayev iştirak etdilər.

Məmmədağa Nəzirov küçəsində tamamlanan estafet burada şəhər parkında quraşdırılmış səhnə önündə tamamlandı və məşəlçilər burada sürəkli alqışlarla qarşılandılar. Aparıcının dəvəti ilə sonuncu məşəlçi səhnəyə qalxaraq çırağı alovlandırdı.

Yerli sakinlər Bakı 2015-in şəhərə hədiyyəsi olan çırağın təqdim edilməsi mərasimini də hərarətlə qarşıladılar. Onu rayon ictimaiyyətinə gənc fəallardan Günel Zeynalova təqdim etdi.

Bakı 2015-in məşəl estafeti bu gün əvvəlcə Siyəzəndə, günün ikinci yarısında isə Xırdalan şəhərində qarşılanacaq.