Unibankın ötən il Bankın səhmlərinin geri alınması ilə başlayan və mərhələli şəkildə həyata keçirilən kapitallaşma prosesi, bu ilin sonlarında uğurla başa çatıb. Bankın geri alınmış səhmlərinin dövriyyədən çıxarılması ilə bağlı Bank səhmdarlarının növbədənkənar Ümumi Yığıncağının qərarına müvafiq olaraq, qiymətli kağızların dövlət reyestrində hər birinin nominal dəyəri 2,72 manat olan, 4 112 487 ədəd sənədsiz adi adlı səhmlərin dövriyyədən çıxarılması barədə qeydlər aparılıb.
Xatırladaq ki, Bank kapitallaşmanı nəzərdə tutan proqrama uyğun, investisiya qiymətli kağızlarının həm səhm, həm də subordinasiya borcu olan istiqraz buraxılışı formasında həyata keçirərək, Bakı Fond Birjasında kütləvi təklif üsulu ilə yerləşdirilməsi nəticəsində kapitalını ümumilikdə 31 milyon manata yaxın artırıb.
Kapitallaşma prosesinin başa çatması nəticəsində bu ilin əvvəlinə bankın nizamnamə kapitalı 19 milyon manata yaxın artıb, ikinci komponent üzrə kapital artımı isə 12 milyon 200 min manat olub.
Qeyd edək ki, kapitalın artırılması bankın uğurlu inkişafını dəstəkləmək, innovativ bankçılıq həllərinin tətbiqində liderliyi qorumaq, sahibkarlıq subyektlərinin maliyyələşmə imkanlarını artırmaq və müştərilərə yeni rəqəmsal məhsul və xidmətlərin təqdim edilməsinə xidmət edir. Bu proses bankın davamlı inkişafına da öz təsirini göstərib. 2023-cü ilin ilk 9 ayının nəticələrinə görə, Bankın kapital mövqeyi sabit, inkişaflı qalmaqda davam edib. Hesabat dövründə Bankın məcmu kapitalı ötən ilin 3-cü rübü ilə müqayisədə 25 % artaraq, 152 milyon manat olub. Bu ciddi artım kapital adekvatlılığının yüksəlməsi fonunda baş verib. Belə ki, ötən ilin uyğun dövrü ilə müqayisədə bankın kapital adekvatlılıq əmsalı artaraq, 12.69 % təşkil edib. Bu dövrdə bankın aktivləri də artaraq, 1 milyard 528 milyon manata çatıb.
Unibank 2023-cü ilin üçüncü rübünün yekununda cəmi gəlirlərini rekord həddə çatdırıb. Bankın cəmi gəlirlər ötəni ilin uyğun dövrü ilə müqayisədə 43 % artaraq, 233 milyon manata çatıb. Hesabat dövründə Bankın əməliyyat mənfəəti də ötən ilin uyğun dövrü ilə müqayisədə 3 dəfə artaraq, 49 milyon manata çatıb. Ümumi gəlirlilik səviyyəsinin artması, üçüncü rübün sonuna əldə edilən xalis mənfəətin kəskin artımına imkan yaradıb. Unibank bu ilin ilk 9 ayını 22 milyon manat xalis mənfəətlə başa vurub.