İrəvan Bakıya qarşı iddia qaldırır: Cavab nə olacaq? - AÇIQLAMA

Ermənistanın ədliyyə naziri Qriqor Minasyan deyib ki, İrəvan Roma Statutunun nizamnaməsinin ratifikasiyasından sonra Azərbaycana qarşı Beynəlxalq Cinayətlər Məhkəməsində (BCM) iddia qaldıracaq.

Minasyan iddia edir ki, Qarabağda yaşayan ermənilər oradan öz xoşları ilə deyil, güc tətbiq edilməklə köçürülüb və bu məsələ məhkəməyə çıxarıla bilər.

Təcüvüzkar İrəvanın rəsmi Bakını əssasız iddialarla günahlandırmaq cəhdləri ilk dəfə deyil. Ermənistanın əleyhimizə olan şikayətini BCM-də dinləmələrə çıxarılması səbəbləri barədə siyasətçi Akif Nağı Metbuat.az-a bildirib ki, Ermənistan heç bir halda Azərbaycanla sülh müqaviləsi imzalamaq istəmir:

Akif Nağı və xanımı “Yeni klinika”ya yerləşdirildi

“Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi yalnız iki şərt çərçivəsində mümkün ola bilər. Ya hansısa böyük xarici bir dövlət Ermənistana ciddi təzyiq etməli, ya da Azərbaycan yenidən güc tətbiq etməlidir.

2020-ci ildə Azərbaycan hərbi əməliyyatlara başlayandan sonra Nikol Paşinyan məcbur olub sənəd imzalayaraq Azərbaycanın qələbəsini təsdiq etdi. Bundan sonrakı üç il ərzində də Azərbaycan müəyyən yumşaq güc tətbiq etməklə məqsədlərinə nail oldu. Xankəndi, Xocalı, Ağdərə, Əsgəran və digər ərazilərdə hakimiyyətin suveren hüquqlarını bərpa etdi. Ermənistan da bununla hesablaşıb, orada yaşayan erməniəsilli sakinləri ərazidən çıxardı. Hazırda Qriqor Minasyanın BCM-yə iddialar irəli sürməsində də tək məqsəd sülh müqaviləsi ilə bağlıdır. İrəvan vaxtı uzatmaqla regionda vəziyyətin dəyişməyini gözləyir.

İrəvan birmənalı şəkildə düşünür ki, Türkiyədə və Rusiyada vəziyyət dəyişəndən sonra Azərbaycanın mövqeyi zəifləyəcək və hansısa xarici dövlət Azərbaycanı məcbur edəcək ki, Ermənistana müəyyən güzəştlərə getsin. Hədəf hazırda budur”.

Ermənistana bu sifarişlərin xaricdən verildiyini deyən Akif Nağı düşünür ki, Azərbaycan rəhbərliyi və cəmiyyəti Ermənistanın əli ilə törədiləcək istənilən hadisələrə hazır olmalı, qabaqlayıcı addımlar atmalıdır:

“Bütün faktlar Azərbaycanın əlindədir. Hesab edirəm ki, Azərbaycana qarşı ermənilərin hərbi təşəbbüsündən ermənilərin özünün ifşa olunması üçün istifadə olunmalıdır. Çünki Azərbaycanın əlində təkzibolunmaz dəlillər var. Məsələyə bu nöqteyi-nəzərdən yanaşmaq lazımdır. Ermənistandan qabaq, Azərbaycan 30 il ərzində torpağımıza və orada yaşayan vətəndaşlarımıza qarşı edilən vandallığı beynəlxalq məhkəməyə çıxarıb İrəvandan təzminat tələb etməlidir”.

Azərbaycanın 44 günlük Zəfərdən sonra şərti sərhəddə dəfələrlə Ermənistan silahlı qüvvələrinin təxribat törətməyə cəhd etdiklərini deyən ehtiyatda olan polkovnik Şair Ramaldanov bildirib ki, Azərbaycanın əlində kifayət qədər belə faktlar var:

Hansısa bir təxribata Azərbaycan hərbi əməliyyatla cavab verəcək -

“Rusiya, Türkiyə Monitorinq Qrupu da bununla bağlı işləyib və onlarda lazımı bütün məlumatlar var. Azərbaycan sadəcə cavab atəşi ilə təxribatın genişlənməməsi üçün lazım olan addımlar atıb.

Digər tərəfdən, qələbə çalandan sonra Azərbaycan ərazisinin minalanması haqqında konkret məlumatlar var. Azərbaycanın Müdafiə Nazirliyi, hərbi diplomat korpusuna həmin o çoxsaylı minaları nümayiş etdirib. Antiterror tədbirlərindən sonra biz ermənilərin Qarabağ iqtisadi rayonunda yeni minaların yerləşməsi ilə bağlı çoxsaylı faktlar aşkarladıq. Azərbaycanın Laçın rayonunun bir neçə kəndi ermənilərdən azad ediləndə də həmin yaşayış məntəqələrində mina yerləşdirilməsi ilə bağlı çoxsaylı məlumatlar əldə edildi. Bir sözlə, Ermənistan tərəfindən mina terroru davam etdirilməkdədir”.

Bu günə qədər Ermənistanın Azərbaycana qarşı müxtəlif qarayaxma kampaniyalarına qoşulduğunu qeyd edən hərbi ekspert deyib ki, hələ də ermənilər tərəfindən vəhşicəsinə dağıdılmış tarixi abidələrlə bağlı UNESCO hər hansı bir qərar qəbul etməyib:

“Avropada bu gün Azərbaycana qarşı ikili standartlar hökm sürür.Cənab Prezident İlham Əliyev çıxışında dəfələrlə bildirib ki, bu gün qəbul edilmiş beynəlxalq qanunlar işləmir. Həmin qanunlar öz siyasətini həyata keçirmək istəyən böyük dövlətlər üçün işləyir. Ədalət məsələsi sual işarəsi altındadır. Azərbaycan da ədaləti öz gücünə bərpa etməyə məcbur olub. Ermənistanın havadarları da bu addımı atmaq üçün İrəvana müəyyən zəmanət verir. İstisna olunmur ki, Azərbaycan qanunlar, beynəlxalq normalar, hüquqi yanaşmalar çərçivəsində lazım olan dəlilləri, sübutları təqdim edəcək. Təbii ki, Ermənistanın müraciəti də heç bir şeylə əsaslandırılmayan müraciət kimi qalacaq. Ancaq ki, yox, ədalətsizlik yenə də hökm sürərsə, hansısa qərarlar qəbul edilərsə, bu, Azərbaycan üçün o qədər də önəmli deyil. Düşünürəm ki, bu, ermənilərin və onların havadarlarının Azərbaycana qarşı olan növbəti bir əsassız fikir kimi qəbul edilməlidir”.

Gülbəniz Hüseynli / Metbuat.az

Məqalə Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması” mövzusu üzrə dərc olunub.




Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı