20 Yanvar abidəsinin sirri açıldı: Heykəllər bir-birini niyə qucaqlayıb? / FOTO

Azərbaycan xalqının milli yaddaşına “Qara Yanvar”, “Qanlı Yanvar” və ya sadəcə “20 Yanvar” faciəsi kimi həkk olunan o müdhiş yanvar gecəsindən bizi tam 34 il ayırır. Milli birlik və vətənpərvərliyin simvoluna çevrilmiş 20 Yanvar faciəsi xalqımızın öz azadlığı uğrunda apardığı mübarizənin şərəfli tarixidir. Hər il faciənin ildönümündə milyonlarla insan paytaxtın ən yüksək nöqtəsində salınan Şəhidlər Xiyabanını ziyarət edir, qəhrəmanlarının xatirəsini anır. Bununla yanaşı Bakıda, metronun “20 Yanvar” stansiyasi üzərindəki ərazidə 20 Yanvar şəhidlərinin xatirəsinə Memorial Abidə Kompleksi ucaldılıb.

Metbuat.az xəbər verir ki, Publika.az “20 Yanvar abidə-kompleksi”nin memarı Ədalət Məmmədovla söhbətləşib.

“Onunla “20 Yanvar” dairəsindəki körpünün üstünə çıxdıq”

“Abidənin yerini Yasamal rayon İcra Hakimiyyətinin o vaxtkı başçısı İbrahim Mehdiyevlə seçmişdik. Elə abidə də onun tapşırığı idi. Mən də “ beşəlli razıyam və hazıram” dedim. Yasamal rayonunun ərazisini bir-bir müşahidə edib, gəzdik. Hətta “Google Map”dən də baxıb, araşdırdıq. Bütün yerlərə baxdıq və hazırki yeri seçdik. Ən yaxşı, uğurlu yer elə 20 Yanvar meydanı idi. O vaxtı həmin ərazi XI Qızıl Ordu meydanı adlanırdı. Ən böyük qırğın həmin o meydanda olmuşdu. Ona görə də İbrahim müəllimlə o ərazidə yer axtarmağa başlamışdıq. Ərazi, fon və ağaclıq olaraq yaxşıdır. Yer seçdikdən sonra İbrahim müəllim heykəltəraşların maketləri işləməsini tapşırdı. Cavanşir müəllimlə Azad müəllim başladı eskizlər işləməyə. Bir neçə eskiz oldu. Ən sonda isə hazırda gördüyünüz abidənin üstündə dayandıq. Niyə bunun üzərində dayandığımızı isə açıqlayacağam. Düzdür, bu abidə Sovet heykəltəraşlıq məktəbidir. Onu gərək danmayaq. Amma bu abidədə azadlıq, mübarizlik rəmzi var".

“Hətta heykəllər bir-birilərini tuturlar ki, yıxılmasınlar”

“Eynən 20 Yanvar günü XI Qızıl Ordu meydanında baş verən hadisələri təsvir edir. Daha sonra heykəltəraşların bu eskizini gördükdən sonra başladım işləməyə. Heykəlin arxasında qranit pilləvari görə bilərsiniz. Sağ və sol tərəf insan qolları, heykəlin arxası isə insan vücududur. Arxaya baxarkən boşluqlarda görmək mümkündür. Fikrimizi daha aydın izah etmək üçün o boşluqları qoydum ki, baxanlar bilsin ki, insan qucağıdır. İnsan qollarını açıbdır, şəhidləri, insanları mühafizə edir ki, yox, onları heç kəs öldürə bilməz. Hətta heykəllər bir-birilərini tuturlar ki, yıxılmasınlar. Onlar ölməzdirlər. Bütün bunları etdikdən sonra heykəli çox hündür etmədik ki, arxadakı simvolik insan fiquru görünsün. Əgər o aydın görünməsəydi, qucaqlama simvolu itəcəkdi. Bu, sırf yaradıcılıq işidir ki, bunu da etdik. Heykəlin qarşısındakı sağ və sol tərəfə iki dənə 8 bucaqlı ulduz kimi kolluq qoymuşuq. O kollara diqqətlə baxsanız, görərsiniz ki, qranitin içindən qırmızı güllər çıxır. Tinləri isə göyə qalxır, onu özümüz düz etməyib, çəpəki qoyduq. Qranitin içindən çıxan gülləri isə şəhid olan şəxslərə bənzətmişik. Buradakı məna çox dərindir. Hətta qranit belə onların üstünü basır, amma həmin güllər, yəni şəhidlərin ruhu qraniti parçalayıb, göyə qalxır. Fikrimiz bu idi, istədiyimizi də edə bildik”.

"Hər iki heykəltəraş bir çox varinatlar etmişdilər. “Azad qadın”, “Azadlıq simvolu”, “Ağlamaq”, “Çadralı qadın” kimi bir çox maketlər hazılanmışdı. Lakin biz sonda bu heykəlin üstündə dayandıq. Səbəbi isə odur ki, 20 Yanvar bizim üçün qara bayram deyil, şəhadət, azadlıq bayramıdır".

“Hamımız azadlıq üçün çıxmışdıq”

"Biz o boyda tankın qabağına əliyalın, daşla çıxırdıq. Heç birimiz qorxmurduq ki, tank gəlib üstümüzdən keçəcək. Canımız və qanımızı mərdlik, qorxmazlıq, igidlik bürümüşdü. Demək olar ki, oradakı şəhidlərin əksəriyyətinin üstündən tank keçdi. O boyda döyüşdən bir nəfər belə qaçmadı. Sovet generalları həmişə deyirdilər ki, biz belə adamlar görməmişik. Tankın üstünə əliyalın qaçan insanları ilk dəfədir ki, görürük. Bu tarixi faktdır. Bütün bunların simvolunda o abidəni yaratdıq. Qardaşım 20 Yanvar zamanı yaralanıb, qazi olub. O günü evdə oturmaqdan söhbət belə gedə bilməzdi. Hər kəs bir olub küçələrə axışmışdı. Hamımız azadlıq üçün çıxmışdıq. Onu da aldıq".

“20 Yanvar günü keçirdiyimiz vətənpərvərlik hissini 44 günlük müharibədə də keçirdik”

“Hamı elə bilirdi ki, cavanlar yatıblar, heç nədən xəbərləri yoxdur. Xeyr, Azərbaycan gəncliyi heç vaxt yatmayıb.. Bunlar hamısı ardıcıllıqdır. O gündən bu günə, sabaha, gələcəyə ötürülür. Hər keçən gün də böyüyür. 20 Yanvar günü keçirdiyimiz mərdlik, vətənpərvərlik hissini 44 günlük müharibədə də keçirdik. Vətən müharibəsi demişkən, hazırda Qarabağda abidələrimizin əsaslı bərpa-təmir işləri davam edir. İşğaldan azad olunan ərazilərdə aparılan tikinti-quruculuq işləri çərçivəsində məscid və məbədlərin, dini inanc yerlərinin bərpası və tikintisi də xüsusi nəzarətdə saxlanılır. Hazırda Laçın Şəhər Məscidinin bərpa işlərini görürük. Bununla yanaşı Şuşa, Ağdam, Füzuli, Malıbəyli, Zəngilan rayonlarında da bərpa-təmir işlərimiz olub”.

“Hələ ki, Xankəndidən heç bir sifarişimiz yoxdur”

"Biz memarıq, nə sifariş, nə tələb olunursa, onu canla-başla edirik. Hazırda əsasən məscidlərin bərpasına yönəlmişik. Sonra isə Alban kilsələrinin bərpasını planlaşdırırıq. Daha sonra isə Füzulidə yerləşən Pravoslav kilsəsi yenidən bərpa olunacaq. Məscid və kilsə ilə yanaşı qədim hamamlar, yaşayış evlərinin də bərpa olunacağı planlaşdırılıb. Hələ ki, Xankəndidən heç bir sifarişimiz yoxdur. Təki salamatlıq olsun. Vətən torğaında görüləcək işlər çoxdur, biz isə yorulmuruq".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı