DİN-dən məktəbdə baş verən dava ilə bağlı açıqlama - YENİLƏNİB-2

"Sabunçu rayonu Pirşağı qəsəbəsi ərazisində bir qrup məktəbli arasında dava olması barədə daxil olan müraciət əsasında ərazi üzrə polis orqanında təhqiqat araşdırması başlanılıb".

Bunu Metbuat.az-a açıqlamasında DİN mətbuat xidmətinin inspektoru polis kapitanı Nurlan Əliyev deyib:

"Xəsarətlərin dərəcəsini müəyyən etmək məqsədilə müvafiq ekspertiza təyin edilib. Hazırda araşdırmalar davam etdirilir".

***

Xəbər verdiyimiz kimi, Pirşağı qəsəbəsində yerləşən 188 saylı orta məktəbin şagirdləri arasında kütləvi dava olub.

Hadisə ilə bağlı Metbuat.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirildi ki, hadisə məktəbdən kənarda baş verib və lazımi tədbirlər görülüb:

"188 nömrəli tam orta məktəbdən verilmiş məlumatda qeyd olunur ki, 23 yanvar 2024-cü il tarixində dərsdən sonra saat 15:00 radələrində məktəbdənkənar ərazidə şagirdlər arasında dava olub. Məktəb rəhbərliyi məsələdən xəbər tutan kimi valideynlər məktəbə dəvət olunub, onlarla söhbət aparılıb, müvafiq qaydada izahatları alınıb. Məsələ ilə əlaqədar hüquq-mühafizə orqanlarına məlumat verilib".

***

Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən 188 saylı orta məktəbdə şagirdlər arasında kütləvi dava olub. Dava 5 və 15-16 nəfərlik iki qrup arasında meydana gəlib.

Bununla bağlı Metbuat.az-a valideyn şikayət edib. O bildirib ki, davanı "təşkil edən" 9-cu sinif şagirdi, Məhərrəm adlı şəxs dəfələrlə onun 8-ci sinifdə oxuyan oğluna sataşıb:

"Dava 2 gün əvvəl olub. Bir neçə dəfə sataşıb oğluma. Sonuncu dəfə digər şagirdləri də yığaraq üstünə gəlib. Başından zərbələr endiriblər. Həmin uşaq bıçaq gəzdirir, məktəbin problemli şagirdlərindən biridir".

Valideyn bildirib ki, həmin şagird bıçaq gəzdirdiyinə görə, məktəb rəhbərliyi və müvafiq qurumlar tərəfindən hələ tədbir görülmədiyi üçün, uşağı dərsə göndərməyə qorxur.

Qeyd edək ki, həmin şagird davaya getdikləri görüntüləri çəkərək "TikTok" hesabında paylaşıb.

Məsələ ilə bağlı 188 saylı məktəbin direktoru ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimizə cavab ala bilmədik.

Mövzunu diqqətdə saxlayacağıq.

Cavidan Mirzəzadə / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR