Bakı, 5 iyun, AZƏRTAC
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyunun 6-da növbəti SAT imtahanını keçirəcək. İmtahan iyunun 6-da saat 08.30-da TQDK-nın Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1A (xəritəyə keçid) ünvanında yerləşən inzibati binasında təşkil olunacaq. İmtahanın müddəti 3 saat 45 dəqiqədir (fasilələrsiz). İmtahanda iştirak edəcək şəxslər saat 07.45-dən gec olmayaraq imtahan binasında olmalıdırlar. İmtahana gecikənlər imtahan zalına buraxılmayacaqlar.
TQDK-dan AZƏRTAC-a bildirilib ki, bu imtahanın nəticələri iyunun 25-də imtahan verənlərin “College Board”un internet səhifəsindəki şəxsi hesabında açıqlanacaq.
TQDK tərəfindən iyunun 6-dan sonra keçiriləcək növbəti SAT imtahanlarına qeydiyyat isə iyunun 12-dən başlanacaq. Onlayn qaydada qeydiyyatdan keçmək üçün ətraflı məlumat http://tqdk.gov.az/en/international-partnerships/sat/ linkində verilib.
Qeyd edək ki, SAT (Scholastic Aptitude Test) müxtəlif siniflərdə təhsil alan məktəb şagirdlərinin oxuma, yazma və riyazi biliklərini yoxlayan standartlaşdırılmış test imtahanıdır və hər il imtahanda iki milyondan çox orta məktəb məzunu iştirak edir. SAT imtahanının nəticəsi beynəlxalq səviyyədə tanınmaqla, ABŞ-da və dünyanın müxtəlif ölkələrində kollec və universitetlərə qəbul prosesində məktəb məzunlarının ali təhsil almağa hazırlığını qiymətləndirməyə imkan verən obyektiv imtahan göstəricisi kimi qəbul olunur. Ali təhsil ocaqlarının qəbul komissiyaları üçün SAT imtahanının nəticəsi müraciət edən məktəb məzunlarını eyni şkalada müqayisə etməyə imkan verir, həmçinin onlara təqaüd verilməsi qərarlarını müəyyənləşdirməkdə obyektiv mənbə hesab olunur.
Səhifənin qisa keçidi: http://www.tqdk.gov.az/~AOwIY