"Bizdə təlim-tərbiyə sistemində problemlər var. Ciddi təhlil etməliyik, problemləri aradan qaldırmalıyıq. Necə edə bilərik ki, gəncləri pis vərdişlərdən, cinayətlərdən qoruyaq? Burada həm məktəblərin, həm universitetlərin üzərinə böyük məsuliyyət düşür, onlar təlim-tərbiyə işinə daha həssas yanaşmalıdır ki, belə hallar yaşanmasın".

Bunu Metbuat.az-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib. Son illərdə yeniyetmələr arasında cinayətlərin və məktəblilərin bıçaq gəzdirməsi kimi halların artmasından danışan deputat bildirib ki, bu məsələlərdə ailələrin üzərinə böyük məsuliyyət düşür:

"Valideynlər övladlarına düzgün tərbiyə verməlidilər, düzgün istiqamətləndirməlidilər. Bütün bunlar hamısı kompleks məsələlərdir. Bunları etmədən nəyəsə nail olmaq mümkün deyil. Bu istiqamətdə işlər aparılmalıdır".

Qələm yerinə bıçaq tutan uşaqlar -

Deputatın sözlərinə görə, "beşbarmaq" və cib bıçağı kimi soyuq silahların açıq satışı və sosial şəbəkələrdə təbliği məsələsində də addımlar atıla bilər, lakin problemin kökündə bu dayanmır:

"Burada məsələ bıçaqların əlçatan olub-olmaması deyil. Bir adam cinayət törətmək istəyirsə, o bıçağı istənilən yerdən tapa bilər. Mən düşünürəm ki, biz daha çox təlim-tərbiyə prosesi üzərində işləməliyik. Soyuq silahların, bıçaqların əlçatanlığı ilə bağlı da addımlar atılmalıdır, amma məsələnin kökü yanlız bu deyil".

Cavidan Mirzəzadə / Metbuat.az