ABŞ ötən il 238 milyard dollarlıq silah satıb

2023-cü ildə ABŞ-ın xarici ölkələrə silah satışı gözə çarpacaq dərəcədə artıb.

Metbuat.az xəbər verir ki, Xarici İşlər Nazirliyinin hökumətə hazırladığı hesabatda, ABŞ hökumətinin keçən il 2022-ci ilə nisbətən 56 faiz artımla 81 milyard dollarlıq satış üçün birbaşa danışıqlar apardığı bildirilib.

Amerika müdafiə şirkətlərinin xarici ölkələrə birbaşa satışları da daxil olmaqla, keçən il ümumi satış məbləği 238 milyard dollar olub.

Təkcə Polşa ABŞ-dan 30 milyard dollarlıq silah alıb. Müdafiə potensialını genişləndirməyə çalışan Ukraynanın qonşusu Polşa ABŞ-dan ən böyük silah alan ölkələrdən birinə çevrilib. 12 milyard dollar dəyərində Apache helikopterləri alan Polşa HIMARS reaktiv yaylım atəş sistemi üçün 10 milyard dollar, M1A1 Abrams tankları üçün isə 3,75 milyard dollar ödəyib. Polşa həmçinin inteqrasiya olunmuş hava və raketdən müdafiə döyüş sistemlərinə 4 milyard dollar xərcləyib.

Baş nazir Donald Tusk Polşanı Avropanın ən güclü quru dövləti etmək məqsədi daşıyan əvvəlki hökumətin hərbi modernləşdirmə proqramını davam etdirməyi öhdəsinə götürüb.

Məlumata görə, Almaniya ABŞ istehsalı olan Chinook tipli helikopterlərə 8,5 milyard dollar xərcləyib.

Bolqarıstan isə Stryker tipli zirehli maşınlar üçün ABŞ-a 1,5 milyard dollar ödədiyi halda, Norveç 1 milyard dollar dəyərində çoxfunksiyalı helikopterlər alıb.

Bundan başqa, Çexiya 5,6 milyard dollar dəyərində F-35 döyüş təyyarələri və sursat, Cənubi Koreya F-35 təyyarələri üçün 5 milyard dollar ödəyib

Qeyd edək ki, Amerika silahlarına Avropadan kənarda da böyük maraq var. Cənubi Koreya F-35 döyüş təyyarələri üçün 5 milyard dollar ödədiyi halda, Avstraliya C130J-30 Super Hercules tipli təyyarələr üçün 6,3 milyard dollar xərcləyib. Yaponiya həmçinin E-2D Hawkeye tipli müşahidə təyyarəsi üçün 1 milyard dollarlıq razılaşma əldə edib.

Seyranə Quliyeva / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR