Gənc idmançımız qızıl medal qazandı - FOTOLAR

Serbiyanın Sombor şəhərində keçirilən 13-cü Millətlər Kuboku turnirində Azərbaycanın gənc “meqaladon”u Emili Rzayeva 63 kiloqram çəki dərəcəsində 3 ağır döyüş keçirərək qızıl medal qazanıb.

Bu barədə Metbuat.az-a açıqlamasında idmançımız Emili Rzayeva bildirib ki, yarışda o “Ən yaxşı gənc boksçu” adına layiq görülüb.

“Ötən il Ermənistanda dünya 2-cisi olan Kira Leonovanı məğlub edərək qızıl medala sahib oldum. Bu il atam və şəxsi məşqçilərim ilə belə qərara gəldik ki, yalnız boksla məşğul olum. 2024-cü ili mənim üçün “boks ili” olacaq. Elə bu səbəbdən bu il ərzində kikboks, Uşu-sanda və Muaytay yarışlarına qatılmayacağam. 2025-ci ildən isə kikboks və Uşu-sanda yarışlarını davam etdirəcəyəm”.

Boks Federasiyasının rəhbərliyinə idmançılarımız üçün yaradılan qayğıya görə dərin təşəkkürünü bildirən Emili Rzayeva qeyd edib ki, Federasiya rəhbərliyi oktyabrda Serbiyada keçirilməsi nəzərdə tutulan dünya çempionatına Emilini hazırlaşmasına, təlim-məşq toplanışlarını xaricdə keçirməsinə diqqət və qayğısını əsirgəməyəcək.

“Mən yerli idmançıları, bokçsuları yaxşı tanıyıram. Hesab edirəm ki, yüksək səviyyədə hazırlığım üçün yeni rəqiblərlə, texnikasına bələd olmadığı idmançılarla məşq etməyim zəruridir. Bu şəraiti mənimüçün ancaq Azərbaycan Boks Federasiyası yarada bilər.

Qeyd edim ki, məni bu yarışa atam, polis polkovnik-leytenantı Emil Rzayev hazırladı. Onun mənim çempion olmamda xüsusi yer var. Eyni zamanda, mənim başqa idman növlərində nailiyyət qazanmağımda Muaytay üzrə müəllimim Elşən Rəsulzadənin və başqa müəllimlərin əziyyəti danılmazdır”.

Xatırladaq ki, 2022-ci ildə Emili Rzayeva Azərbaycan boksunun tarixində ilk Avropa çempionu adını qazanan xanım olub.

Gülbəniz Hüseynli / Metbuat.az




Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı