AŞPA-nın qərarı Avropa ilə iqtisadi münasibətlərə necə təsir edəcək? - AÇIQLAMA

“Azərbaycanın Avropa İttifaqının doqquza yaxın ölkəsi ilə ikitərəfli, yüksək səviyyəli münasibətləri mövcuddur. Bu gün Azərbaycanın Avropaya ehtiyacından çox, Avropanın Azərbaycana ehtiyac duyması məsələsi gündəmdədir”.

Bu fikirləri Metbuat.az-a açıqlamasında millət vəkili Vüqar İskəndərov deyib. Hazırda Azərbaycanın karbohidrogen ehtiyatlarının böyük hissəsini Avropaya nəql edildiyini xatırladan millət vəkili vurğulayıb ki, Azərbaycan bərpa olunan enerji sahəsində Avropanın dayanıqlı tərəfdaşıdır:

“Azərbaycan Avropanın bir parçası kimi, Cənubi Qafqazda çox vacib bir strateji partnyordur. Biz hər hansı bir qurumların, təşkilatların bəyanatını və qərarlarını onun üzv olduğu dövlətlərin adı ilə bağlamalı deyilik. Azərbaycan nümayəndə heyətinin AŞPA-dakı fəaliyyətini qeyri-müəyyən vaxta qədər dondurması və etiraz olaraq oranı tərk etməsi çox doğru və düzgün addımdır.

Bu, Azərbaycan dövlətinin qətiyyətini bir daha göstərmiş oldu. Ümumiyyətlə, Avropa Şurası Parlament Assambleyası siyasi qurum olaraq, hər hansı bir qərarında hüquqi tələblər mövcud deyil. Burada hüquqi əsaslar yoxdur, məcburiyyət yoxdur. Ona görə də orada olan hər hansı bir qərarın verilməsi məcburi xarakter daşımır. Orada səs verən deputat mənsub olduğu, seçildiyi ölkənin rəsmi mövqeyini ifadə etmir. Həmin iclasda əksəriyyəti solçular, sosialistlərdən ibarət olan deputatların çoxu ölkələrində müxalifət fraksiyasındadır və onların mövqeyi mütləq surətdə hökuməti, dövləti ifadə etmir”.

AŞPA ilə münasibətlərin gərginləşməsinin Avropa ilə iqtisadi münasibətlərə, xüsusən də hər hansı sanksiyaların tətbiqinə şərait yaratmaycağını qeyd edən millət vəkili bildirib ki, bu gərginliyin səbəbkarı Fransa və onun əlaltısı olan dövlətlərdir:

“Frankofoniya dövlətlərinin, Fransanın, Niderlandın xarici işlər nazirləri səviyyəsində Azərbaycana qarşı səslənən bu fikirlərin iqtisadiyyatımıza ciddi bir təsiri gözlənilmir. Ümumiyyətlə, Azərbaycanın əsas ixrac tərəfdaşları sırasında Balkan ölkələri və İtaliyanın adını çəkə bilərik. Bir neçə ölkələr var, onlar ölkəmizdə böyük bizneslərini inkişaf etdirirlər. Azərbaycan da həmin ölkələrdə bir çox layihələrin müəllifidir.

Fransa və onun əlaltısı olan dövlətlər cılız hərəkətlərlə Azərbaycana təsir göstərib, Azərbaycanın Ermənistanla sülh müqaviləsi imzalanması yolundakı inamlı addımlarına mane olmaq istəyirlər. Hesab edirəm ki, bu gərginlik, müəyyən zamandan sonra keçib gedəcək. Avropada Azərbaycanla münasibətlərdə dost olan dövlətlərin konkret maraqları var. Avropa ilə münasibətlər azalmayacaq, zaman ötdükcə, daha da artacaq”.

Azərbaycanın iqtisadi inkişafının əsasən Qərb yönümlü olduğunu vurğulayan iqtisadçı Rəşad Həsənov bildirib ki, Azərbaycan və Qərb arasında iqtisadi münasibətlər enerji yönümlü münasibətlərə dayanır.

“Azərbaycandan Avropa ölkələrinə, xüsusilə də Cənub Şərqi Avropa ölkələrinə neft-qaz ixrac edilir. Bu ixracın müəyyən bir qismi təxminən ümumi ixracın 10 faizini qeyri-neft məhsulları təşkil edir. AŞPA-da baş verənlərin orta və uzunmüddətli dövrdə Azərbaycanın iqtisadi münasibətlərinə böyük təsirləri gözlənilmir. Eyni zamanda, bu istiqamətdə hər hansı bir sanksiyaların, məhdudiyyətlərin tətbiqinə gətirib çıxaracaq addımlar atılmayacaq”.

Gülbəniz Hüseynli / Metbuat.az

Məqalə Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə "Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” mövzusu üzrə dərc olunub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR