Utilizasiya prosesi nə vəd edir? - AÇIQLAMA

“Utilizasiya prosesinin Azərbaycanda tətbiqi ətraf mühitin qorunması baxımından vacib tədbirlərdən biri kimi qiymətləndirilir. Burada daha bir məqsəd dövlətin formalaşdırdığı utilizasiya fondu hesabına avtomobil parkının yenilənməsinə nail olmaqdır”.

Bu fikirləri Metbuat.az-a açıqlamasında millət vəkili Vüqar Bayramov deyib. Millət vəkili bildirib ki, bu proses əksər inkişaf etmiş ölkələrdə aparılıb və bəzilərində də davam etdirilir:

“Bu istiqamətdə Nazirlər Kabinetinin qərarı ilə istehsal ili 10 ildən çox olan avtomobillərin Azərbaycana idxalının dayandırılmasını da nümunə göstərə bilərik. Layihənin əhəmiyyətini artıran daha bir səbəb Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi etməsidir.

COP29-un əsas hədəfi ətraf mühitin qorunmasına dəstək olmaq və bu istiqamətdə sistemli fəaliyyətlər həyata keçirməkdir. Hesab edirəm ki, COP29 prinsiplərinə uyğun olaraq ətraf mühitin qorunması ilə bağlı fərqli alətlərdən istifadə edilməsi vacibdir”.

Millət vəkili qeyd edib ki, vətəndaşın utilizasiya fonduna nəqliyyat vasitəsini təqdim etməsi könüllü həyata keçirilir.

Xatırladaq ki, fevral ayının birindən Azərbaycanda köhnə nəqliyyat vasitələrinin utilizasiyasına start verilib. Nəqliyyat vasitələri hər dövlət texniki baxışı zamanı istehsal və buraxılış ili 4 ildən 10 ilədək olduqda - 10 manat, 10 ildən 20 ilədək olduqda - 20 manat, 20 ildən 30 ilədək olduqda - 30 manat, 30 il və daha çox olduqda 40 manat utilizasiya haqqı ödəniləcək.

Gömrük rəsmiləşdirilməsi zamanı nəqliyyat vasitələrinin utilizasiya haqqının məbləği: minik avtomobilləri (raritet minik avtomobilləri və gömrük ərazisinə müvəqqəti gətirilən minik avtomobilləri istisna olmaqla) 4 ildən 7 ilədək olduqda 400 manat, 7 il və daha çox olduqda – 700 manat təşkil edir.

Məlumat üçün bildirək ki, Baş nazir Əli Əsədov Qərar ilə nəqliyyat vasitələrinin utilizasiyası fondunun vəsaitinin formalaşdırılması və istifadə Qaydası təsdiq edilib.

2024-cü il fevralın 1-dən qüvvəyə minəcək Qərar “Nəqliyyat vasitələrinin utilizasiyası fondu”nun vəsaitinin formalaşdırılması və istifadəsi ilə bağlı məsələləri tənzimləyir. Fondun vəsaitindən səmərəli istifadə olunmasına Azərbaycan Respublikasının Maliyyə Nazirliyi nəzarət edir. Fondun vəsaitindən istifadə olunması haqqında illik hesabat operator tərəfindən növbəti ilin yanvar ayın 31-dək Maliyyə Nazirliyinə təqdim edilir.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı