“Fransa Cənubi Qafqazda yeni savaşın törədilməsinə çalışır” - ŞƏRH

“Fransa regionda dağıdıcı siyasət həyata keçirərək od üstünə benzin tökmək prinsipindən çıxış edir”.

Metbuat.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev fevralın 1-də Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonqu qəbul edərkən deyib. Ermənistanın militarizasiya siyasətini apardığını, geosiyasi intriqaların təşəbbüskarı olduğunu deyən Prezident İlham Əliyev, rəsmi Parisin regionda vəziyyətin gərginləşməsinin səbəbkarı olduğunu, müxtəlif beynəlxalq təşkilatlarda və parlament müstəvilərində anti-Azərbaycan siyasəti yürütdüyünü diqqətə çatdırıb.

Siyasi şərhçi Elçin Xalidbəyli Metbuat.az-a bildirib ki, ABŞ və Qərbin, eləcə də Avropa Birliyi və bu quruma bağlı beynəlxalq təşkilatların əsas məqsədi, hazırda Cənubi Qafqazda sülh prosesini pozmaqdan ibarətdir:


“Onların maraqları tələb edir ki, Azərbaycan və Ermənistan arasında yekun sülh sazişi imzalanmasın, yaxud da heç olmasa, mümkün qədər ləngisin. Ona görə də, ABŞ və Qərb Azərbaycana qarşı ermənipərəst mövqe tutaraq, müxtəlif uydurma bəhanələrlə rəsmi Bakıya təzyiq göstərməyə çalışır. Fransa isə ümumiyyətlə, Ermənistanı silahlandırmaq missiyasını tamamilə öz üzərinə götürüb. Rəsmi Paris Cənubi Qafqazda yalnız sülh prosesini pozmaqla kifayətlənmir, əksinə, Ermənistanı yeni müharibəyə hazırlayır. Yəni, Fransa Cənubi Qafqazda Azərbaycan və Ermənistan arasında yeni savaşın törədilməsinə cəhd göstərir”.

Elçin Xalidbəyli hesab edir ki, Fransa Cənubi Qafqaza münasibətdə müstəmləkəçilik siyasəti yürütmək üçün geopolitik məkan yaratmağa çalışır. Onun analizinə görə, rəsmi Paris, Fransanın Afrikadan qovulması prosesində üzləşməkdə olduğu itkiləri Cənubi Qafqazda kompensasiya etməyə can atır.

“AŞPA-nın ədalət və ya sülh prinsiplərindən danışması isə ümumiyyətlə, siyasi manipulyasiyadan başqa bir şey deyil. Çünki bu qurum heç vaxt ədaləti, beynəlxalq hüququ və sülh prinsiplərini təmsil etməyib. Əgər etsəydi, onda AŞPA son 30 il ərzində Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal altında saxlanmasına, ermənilərin Azərbaycanlılara qarşı törətdiyi soyqırımlara reaksiya verərdi. Ancaq AŞPA Ermənistanın bəşəri cinayətlərinə münasibətdə həmişə susub. İndi isə Fransanın istəyi və erməni diasporunun verdiyi rüşvət nəticəsində AŞPA Azərbaycana qarşı təzyiq göstərmək niyyətinə düşüb”.

Ermənistanın sülh müqaviləsini hələ də imzalamaqdan yayındığını diqqətə çatdıran ekspert qeyd edib ki, ABŞ və Qərbin sülh prosesini pozmaq cəhdlərinin nəticəsi isə artıq ortaya çıxmağa başlayıb.

“Ermənistan sülh prosesindən uzaqlaşıb, müharibəyə hazırlaşır. Ermənistan baş naziri Nikol Paşinyanın sülh sazişinin imzalanmasına qədər "hücum etməmək barədə pakt"ın imzalanmasını təklif etməsi də bunu təsdiqləyir. Yəni, Ermənistan sülh sazişini imzalamaq istəmir, siyasi manipulyasiyalar ilə vaxt qazanmağa cəhd göstərir. "Hücum etməmək barədə pakt" da Ermənistana müharibəyə hazırlaşmaq baxımdan, zaman qazanmaq üçün lazımdır. Ona görə də, hesab etmək olar ki, Ermənistan sülh prosesindən artıq imtina etməyə başlayıb”.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı