"Sabah Azərbaycanda keçiriləcək prezident seçkiləri müasir tariximizin ən qürurlu səhifələrindən olacaq".
Bunu Metbuat.az-a açıqlamasında siyasi şərhçi Sahil Kərimli deyib. O bildirib ki, artıq ölkəmizdə yeni bir dövr başlayır və vətəndaşlarımız daha güclü, qüdrətli Azərbaycana, uğurlu gələcəyimizə etimad göstərəcək:
"Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam təmin etdikdən sonra ilk dəfədir ki, seçkilər ölkəmizin bütün ərazilərində keçiriləcək. 30 illik işğaldan sonra öz doğma torpaqlarına qayıdan keçmiş məcburi köçkünlər müstəqillik tariximizdə ilk dəfə ata-baba yurdlarında səs verəcəklər. Bu, hər birimizə inanılmaz fəxr və qürur hissi yaşadır. Tam əminliklə demək olar ki, fevralın 7-də Azərbaycan vətəndaşları hamılıqla seçki məntəqələrinə axışacaq, insanlar yüksək seçki fəallığı gösətərəcək və tarixi Qarabağ Zəfərinə səs verəcək. Buna zərrə qədər də şübhə yoxdur".
Siyasi şərhçi həmçinin qeyd edib ki, dünyanın nəzəri Azərbaycanda keçiriləcək prezident seçkilərinə yönəlib:
"Azərbaycan xalqı seçki fəallığı ilə, öz siyasi mövqeyini tam sərbəst ifadə etməklə, ölkəmizin növbəti illərdəki yüksəlişinə səs verməklə, iradəsini bütün dünyaya nümayiş etdirəcək. Əlbəttə ki, bu, ölkəmizin uğurlarını, əldə etdiyimiz Qarabağ qələbəsini həzm edə bilməyən düşmən qüvvələrə də tutarlı bir mesaj olacaq".
Cavidan Mirzəzadə / Metbuat.az