Azərbaycan aviasiyasının əfsanəvi pilotu, 50 il ərzində 28 500 saat uçuş yerinə yetirmiş, “Şöhrət” ordenli Əzimbala Əzimov dekabrın 25-də AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsinin vurulması ilə bağlı hadisəni müzakirə etmək üçün Report-un qonağı olub, bir çox məqama aydınlıq gətirib.
Metbuat.az müsahibəni təqdim edir:
- AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə bağlı bir çox məqam aydındır. Bəs siz bu barədə nə düşünürsünüz?
- Əvvəla, komandir İqor Kşnyakinə böyük minnətdarlığımı bildirirəm. Ona görə ki, qəhrəman pilot idarə edilməyən təyyarəni yerə oturtmağa çalışırdı. Təsəvvür edin, bir maşında gedirsiniz, sükanı sola ya sağa döndərmək istəyirsiniz, o isə dönmür. Sonra bələdçi Hökümə xanım Əliyeva 20 nəfərin qarşıya gəlməsini xahiş edir. Hər sərnişin orta hesabla 70-80 kiloqramdır. Yəqin komandir artıq idarəetmənin qeyri-mümkünlüyünü görüb, belə olduqda çəkini tarazlamağa çalışıb.
- Sosial şəbəkələrdə çoxları sanki mütəxəssis kimi yazır ki, pilot təyyarəni dənizə endirsəydi, vəziyyət başa cür olardı. Bu məsələyə aydınlıq gətirməyinizi istəyirəm. Ümumiyyətlə, pilotun dənizə eniş etməsi texniki və ya taktiki baxımdan mümkün idimi?
- Əlbəttə, təyyarənin texniki baxımdan dənizə enməsi mümkündür. Bütün pilotlarla və heyətlə qəza-xilasetmə dərsləri keçirilir. Hər bir sərnişinə görə təyyarədə jiletlər var. Amma burda vəziyyət başqa idi. Əgər o sürətlə suya eniş olsaydı, təyyarə tam dağılardı. İnsanların sağ çıxma ehtimalı belə olmazdı. Radiodanışıqlar əldə olunsaydı, qulaq assaydım, onda nəticə çıxara bilərdim, hələ ki, "qara qutu" araşdırılır. Danışıqlarda bütün təyyarənin parametrləri yazılır. Mühərrikin işi, hidravlikin yəni hər şey o yedikdə yazılır.
- Təyyarə vurulandan sonra pilotun qərar verməsi üçün nə qədər vaxtı ola bilərdi?
- Bəlkə də, pilot bilməyib ki, belə qüsurlar olacaq. Onları yönləndiriblər. Ola bilər düşünüblər ki, Aktauda hava daha yaxşıdır. Bəlkə o niyyətlə göndəriblər. Açığı, Aktauda gözəl hava var idi. Hətta görürsünüz o təkərləri buraxır, açıq təkərlə gəlir. Deməli onlar fikirləşirlər ki, zolağa qədər gəlirlər. Kapitan həmişə düşünür ki, təyyarəni ya 2 ya da 3 nöqtəyə oturda bilər. Pilot da elə edir, birinci qabaq çarxla sağ təkər deyir yerə başlayır təyyarəni fırlatmağa. Orda pilotun məqsədi o olur ki, təyyarəni yerə otuzdursun.
- Fəaliyyətiniz dövründə çətin uçuş şəraiti nə zaman yaranıb? Həmin vəziyyəti necə idarə etmisiniz?
- Mənim fəaliyyətim dövrümdə bir hadisə olub. Adam gərək səhlənkarlığından da danışsın. Biir dəfə Afrikadan uçanda tələsik olmuşdu deyə, stabilizatoru yerinə qoymamışdım. Sürət artanda hiss etdim ki, sükan boşdur. Səbəbini başa düşdüm. Uçuşu saxlamadım. Amma qərara gəldim ki, heç olmasa 15 saniyə 1.2 dərəcə, 1.3 dərəcə qoyacam ki, məni idarə etsin. Şükür, Sudanın paytaxtı Xartuma çatdıq.
- Bəs Bakı-Qroznı qəzasına bərabər olacaq qəza şəraiti ilə üz-üzə qalmısınız?
- Belə bir hadisə olub, “Boeing 707”də uçurduq, yük təyyarəsi idi. Raketində qüsur olmuşdu, belə ki, sol təkəri çıxmamışdı. Özü də gecə vaxtı, özü də, dispetçerə tapşırdım ki, təkərimi yoxla. O da dedi ki, qaranlıqdır təkərin nə vəziyyətdə olduğunu bilmirəm. Əvvəl düşündüm ki, eybi yox sağ təkərini vurum yerə, sonra düşündüm ki, sağ çəksə, qapı qırılıb özü ilə hidravlikanı apara bilər. Qalxdım, başladı problem yaranmağa. Mən onu krendən çıxarmağı bacardım.
İndi isə komissiya yekunlaşıb, qərarını verdikdən sonra biz materialları toplayıb, Milli Aviasiya Akademiyasında onun təhlilinə başlayacağıq. Çünki gənclərlə dərs keçilməli və bu hadisəni izah edib, onlara tədris etməliyik ki, belə hadisə olub. Bu hadisələri mütləq təhlil edəcəyik, indi ancaq reallıq odur ki, pilotlarımız professionaldır, çox peşəkar addım atıblar.
Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb. Hər iki pilot da daxil olmaqla 3 ekipaj üzvü həlak olub, iki ekipaj üzvü isə sağ qalıb.
Dekabrın 26-da Azərbaycana 14 yaralı və 4 nəfərin, dekabrın 29-da isə 3-ü ekipaj üzvü olmaqla 24 nəfərin nəşi ölkəyə gətirilib.
Hadisədən sonra Prezident İlham Əliyevin tapşırığı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədovun rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb.
Eyni zamanda Prezident İlham Əliyev dekabrın 26-sının Azərbaycanda matəm günü elan olunması barədə sərəncam imzalayıb.