Dövlət qulluqçusu olmayan yoxlayıcıların fəaliyyətinin qiymətləndirilməsi Qaydaları müəyyənləşdi

Nazirlər Kabineti “Dövlət qulluqçusu olmayan yoxlayıcıların fəaliyyətinin qiymətləndirilməsi Qaydaları”nı təsdiqləyib.

Metbuat.az xəbər verir ki, bu Qaydalar dövlət qulluqçusu olmayan yoxlayıcıların fəaliyyətinin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir.

    Bu Qaydalar Qanun əsasında sahibkarlıq sahəsində yoxlama aparmaq səlahiyyəti verilmiş “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən dövlət qulluqçularına bərabər tutulan əməkdaşları istisna olmaqla, publik hüquqi şəxslərin, habelə dövlət orqanı olmayan digər qurumların yoxlayıcılarının fəaliyyətinə şamil edilir.Bu Qaydalar Qanun əsasında sahibkarlıq sahəsində yoxlama aparmaq səlahiyyəti verilmiş dövlət orqanlarının yoxlayıcılarının fəaliyyətinə şamil edilmir.
    Yoxlayıcıların fəaliyyətinin qiymətləndirilməsi təqvim ili üzrə növbəti təqvim ilinin 1-ci rübü ərzində həyata keçirilir. Müvafiq yoxlayıcı orqanda fəaliyyət müddəti bir ildən çox olan yoxlayıcıların fəaliyyəti qiymətləndirilir.

    Yoxlayıcıların fəaliyyətinin qiymətləndirilməsi onların bilavasitə rəhbəri və ya daxili nəzarət qurumu tərəfindən həyata keçirilir. Qiymətləndirmə üçün yoxlayıcının vəzifələrinin icra vəziyyəti təhlil olunur.

    Yoxlayıcıların fəaliyyətinin qiymətləndirilməsi təqvim ili ərzində yerinə yetirməli olduğu tapşırıqlar (hədəflər) və bu Qaydalarda qeyd olunan meyarlar, habelə əmək intizamı nəzərə alınmaqla tərtib edilir. Tapşırıqların (hədəflərin) və meyarların mühümlülük dərəcəsi bilavasitə rəhbər tərəfindən müəyyən edilir.Tapşırıqlar (hədəflər) yoxlayıcının il ərzində icra etməli olduğu mühüm işlərdir. Tapşırıqlar (hədəflər) yoxlayıcının fəaliyyət göstərdiyi struktur bölmənin fəaliyyət istiqamətlərinə uyğun və əmək funksiyaları çərçivəsində olmalıdır. Tapşırıqların (hədəflərin) icra müddəti dəqiq müəyyən edilməli, ölçülə və yerinə yetirilə bilən olmalıdır. Hər bir tapşırığın (hədəfin) icra olunmasından gözlənilən nəticə müəyyən edilməlidir.

    Yoxlayıcının il ərzində fəaliyyəti aşağıdakı meyarlar əsasında qiymətləndirilir:

    - peşə bilikləri;

    -əmək vəzifələrinə münasibəti;

    - təhlil aparmaq, problem həll etmək və qərar vermək bacarığı;

    - yaradıcılıq və təşəbbüskarlıq;

    - iş təcrübəsi və onu bölüşmə;

    - kollektivdə işləmək və ünsiyyət bacarığı.

    Rəhbər vəzifə tutan yoxlayıcının fəaliyyəti əlavə olaraq aşağıdakı meyarlar əsasında qiymətləndirilir:

    - proqnozlaşdırma;

    - idarəetmə;

    - kollektiv daxilində nüfuz və ruhlandırmaq bacarığı;

    - komanda qurmaq bacarığı.

    Yoxlayıcının fəaliyyəti aşağıdakı şəkildə qiymətləndirilir:

    - əla;

    - yaxşı;

    - kafi;

    - qeyri-kafi.

    Yoxlayıcının fəaliyyətinə verilən yekun qiymətin 70 faizi yoxlayıcının apardığı yoxlamaların səviyyəsinin qiymətləndirilməsinə, 20 faizi bu qeyd edilən meyarlar əsasında qiymətləndirilməyə, 10 faizi isə əmək intizamı əsasında qiymətləndirilməyə əsaslanır.

    Yoxlayıcı orqanın rəhbəri tərəfindən yoxlayıcının fəaliyyə tinin qiymətləndirilməsinin nəticəsi əsasında onun barəsində aşağıdakı tədbirlərdən biri görülə bilər:

    - yoxlayıcının yuxarı vəzifəyə keçirilməsi - yoxlayıcının fəaliyyəti üzrə yekun qiymət 4,5 – 5 arasında olduqda;

    - yoxlayıcının mükafatlandırılması - yoxlayıcının fəaliyyəti üzrə yekun qiymət 4,0 – 4,5 arasında olduqda;

    - yoxlayıcının fəaliyyətinin və bacarıqlarının daha da təkmilləşdirilməsi məqsədilə əlavə təhsilə və ya xüsusi təlimlərə cəlb edilməsi - yoxlayıcının fəaliyyəti üzrə yekun qiymət 3,5 – 4,0 arasında olduqda;

    - yoxlayıcının aşağı vəzifəyə keçirilməsi - yoxlayıcının fəaliyyəti üzrə yekun qiymət 3,5-dən aşağı olduqda.


    Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
    0552252950 (Whatsapp)

    BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

    Media Savadlılığı