Hikmət Hacıyev Avropanın anti-Azərbaycan narrativlərini təkzib etdi

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Almaniyanın ZDF nəşrinin təxribat xarakterli suallarını cavablandırıb və rəsmi Bakının mövqeyini aydın şəkildə ortaya qoyub.

Metbuat.az həmin müsahibəni oxucuların diqqətinə çatdırır:

- Ötən ilin sonunda İlham Əliyev Ermənistanın cənub rayonlarını da Azərbaycanınkı hesab etdiyini bildirdi. İndi Əliyevin məqsədi Ermənistandan əraziləri geri almaqdır?

- Prezident belə bir şey deməyib və təəssüf edirəm ki, beynəlxalq KİV-də onun sözləri yanlış şərh olundu. Əslində o, başqa şeyi nəzərdə tuturdu. Azərbaycanlılar həmişə indiki Ermənistan ərazisində yaşayıblar. Mənim əcdadlarım da indiki Ermənistan ərazisində yaşayıblar. Biz şəxsiyyətlərarası təmaslardan danışırıq. Azərbaycanlıların da bu əraziləri, məsələn, mədəniyyət ocaqlarını, qəbiristanlıqları ziyarət etmək hüququ olmalıdır. Bu, Ermənistana qarşı ərazi iddiaları demək deyil.

Zəngəzur dəhlizinə gəlincə, ümid edirik ki, Ermənistan üzərinə düşən öhdəlikləri yerinə yetirəcək. 2020-ci ilin üçtərəfli bəyanatına əsasən, Ermənistan Azərbaycana əsas ərazisi ilə Naxçıvan arasında maneəsiz əlaqə təmin etməyə razılaşıb. Lakin Ermənistan hələ də üzərinə götürdüyü öhdəliyi yerinə yetirməyib.

- Azərbaycanda Ermənistana hərbi zərbə endirmək ehtimalı müzakirə olunurmu?

- Yox. Bizim üçün istənilən hərbi müdaxilə geridə qalıb, çünki Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib. Azərbaycan əməliyyatları yalnız öz ərazisində və özünümüdafiə hüququnu nəzərdə tutan BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq həyata keçirib. İkili standartlar və ərazi bütövlüyünə seçici münasibət olmamalıdır.

- Hazırda Azərbaycanın da üzv olduğu Avropa Şurası Parlament Assambleyası (AŞPA) ilə bağlı müzakirələr gedir. Bu onunla bağlıdır ki, bir çox deputatlar Azərbaycanı xarici və daxili siyasətdəki tendensiyalara görə tənqid edirlər. İndi Azərbaycan bu assambleyanı tərk etmək istəyir. Niyə?

- Çox təəssüf edirəm ki, vəziyyət bu həddə çatıb. Amma AŞPA-dakı bəzi deputatlar, xüsusən də Almaniyadan olanlar hamıya mühazirə oxumağı, ağıl verməyi xoşlayırlar. Qərbdə baş verən bəzi hadisələrlə bağlı bizdə də böyük narahatlıq var. Məsələn, Aİ-də miqrantların hüquqları məsələsi ilə bağlı. Biz həmçinin islamafobiya və antisemitizm ilə bağlı vəziyyətdən də narahatıq. Amma AŞPA deputatları bütün bu məsələlər barəsində susurlar və yalnız Azərbaycanı təhqir edirlər.

- AŞPA üzvlərinin seçkilərə buraxılmamasının səbəbi də bu idi?

- Azərbaycanın AŞPA qarşısında seçkilərə müşahidəçi dəvət etmək öhdəliyi yoxdur. Bizim ATƏT qarşısında öhdəliklərimiz var. Biz əməkdaşlıq edirik və hazırda prezident seçkiləri ilə bağlı ATƏT nümayəndələri Bakıdadırlar. Təəssüf edirəm ki, AŞPA-nın bəzi üzvləri Avropa Şurası çərçivəsində ümumi əməkdaşlıq ruhuna xələl gətirirlər. Bunun arxasında hansı məqsədlərin dayandığını bilmirəm. Biz bunun qeyri-məhsuldar olduğunu düşünürük. Hesab edirəm ki, Azərbaycan AŞPA-ya böyük fayda gətirirdi.

- Noyabr və dekabr aylarında Azərbaycanda hökumətdə korrupsiya hallarını araşdıran bir neçə jurnalist həbs edilib. Onlar bu araşdırmalara görə həbs olunublar?

- Korrupsiya ilə bağlı araşdırma apardıqlarını iddia edən strukturların özləri korrupsiya ilə məşğul olublar. Bəzi KİV-lər Azərbaycandakı fəaliyyətlərinə görə qanunsuz çirkli pulların yuyulması kanalları vasitəsilə 300 min ABŞ dolları alıblar. Bizim həmçinin media təşkilatlarından maliyyələşmələri barədə soruşmaq hüququmuz var. Bu strukturlar şəffaflığı təmin etməyib. Onlar Azərbaycandan kənarda qeyri-qanuni mənbələrdən istifadə etməklə çirkli pulların yuyulması fəaliyyətlərini davam etdiriblər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı