Türkiyənin bələdiyyə idarəetmə modeli Azərbaycana gətirilir? – AÇIQLAMA

Azərbaycanda bələdiyyələrin sayı təxminən iki dəfə azaldılır. Layihəyə əsasən, 1000 evdən az olan kəndlərin bələdiyyələri ləğv olunacaq və böyük bələdiyyələr yaradılacaq. Buna kiçik bələdiyyələrin vergiləri toplaya bilməməsi və digər əsaslı səbəblər var. Hazırda ölkədə 1 605 bələdiyyə var. Qanun layihəsi qəbul ediləcəyi təqdirdə, Azərbaycanda 700-dən artıq bələdiyyə fəaliyyət göstərəcək.

Artıq bununla bağlı Prezident İlham Əliyevin təqdimatı ilə Milli Məclisə “Bələdiyyələrin birləşməsi, fəaliyyəti, ayrılması və ləğv edilməsi haqqında” qanun layihəsi daxil olub.

Bu barədə Metbuat.az-a danışan iqtisadçı Natiq Cəfərli bildirib ki, Azərbaycanda yerli özünüidarəetmə orqanlarının gücləndirilməsinə ehtiyac var. İqtisadçı deyir ki, bizdə paralel strukturlar mövcud olsa da, icra hakimiyyəti orqanı bələdiyyələrdən daha güclüdür:


“İcra hakimiyyəti orqanının səlahiyyət, məsələlərə müdaxilə etmə imkanları baxımından daha güclü olması bələdiyyələrin zəif olmasına səbəb oldu. Nəticədə, bələdiyyələr az qala lazımsız quruma çevrilməklə bərabər ölkə idarəetməsində ciddi rol ala bilmədi.

Paralel olaraq onların səlahiyyətləri artırılmalıdır, büdcələri ilə bağlı qanunvericilikdə dəyişikliklər edilməlidir. Əslində, yerli icra hakimiyyəti orqanı ləğv edilməlidir. Bu paralellik aradan qaldırılmalıdır”.

Azərbaycanda Türkiyə modeli bələdiyyə sisteminin qurulması perspektivləri barədə danışan ekspert hesab edir ki,bu modelin Azərbaycanda tətbiqi çox yaxşı olardı:

“Türkiyə modeli əslində Avropanın bir çox ölkələrində yayılmış modeldir. Çox proqressiv, doğru bir modeldir və Azərbaycanda da tətbiq nəticəsini müsbət olaraq dəyərləndirirəm.

İndi, ilkin addım olaraq bələdiyyələrin birləşdirilməsi ilə bağlı qərar verilib. Bələdiyyələr böyüdülür, qanun layihəsi milli məclisdədir. Növbəti addım kimi artıq bələdiyyə başqanlarının, birbaşa seçkiləri olmalıdır. Bələdiyyələrin səlahiyyətləri artırılmalıdır.

İcra hakimiyyəti institutu özünü doğrultmadığı üçün tamamilə ləğv edilməlidir. Bu zaman bələdiyyələrin səlahiyyətləri gücləndiriləndə, onların məsuliyyəti də artacaq. Düşünürəm ki, Türkiyə modelinə uyğun Azərbaycanda modelin tətbiq olunması çox yaxşı olardı”.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı