​Asiyada yeni NATO bloku formalaşır - Politoloq

"Rusiya Ukraynaya qarşı işğalçı müharibəyə başladıqdan sonra bu ölkənin rəsmilərini Münxen Təhlükəsizlik Konfransına dəvət etmirlər. Qərb ölkələrinin Çinin regional siyasətindən də narazılıqları olsa da, bu ölkənin rəsmilərini Münxen Təhlükəsizlik Konfransına dəvət edirlər. Çinin xarici işlər naziri Van Yi 16-18 fevralda Münxendə keçirilən konfransda çıxış etməklə yanaşı ikitərəfli görüşlər də keçirdi".

Metbuat.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib. O bildirib ki, Vaşinqton və Brüssel Pekinin siyasətindən narahatlıqlarını gizlətmirlər:

"ABŞ dövlət katibinin Şərqi Asiya və Sakit okean məsələləri üzrə köməkçisi Kamil Douson Vaşinqtonda bildirib ki, Amerikanın Hind və Sakit okean bölgəsində Çini durdurmaq siyasətinin müsbət nəticələri var. Amerikalı diplomat hesab edir ki, Çinə qarşı müqavimət artdıca Pekin ehtiyatlı olmağa məcbur qalacaq. Ancaq ABŞ-da heç də hamı dövlət katibinin köməkçisi kimi düşünmür. Məsələn, Respublikaçılar Partiyasının prezidentliyə keçmiş iddialarından biri Florida ştatının qubernatoru Ron Desantis Çini Amerika üçün bir nömrəli təhlükə kimi qiymətləndirib. Buna görə də Desantis ABŞ-ın Hind və Sakit okean bölgəsində hərbi və dəniz qüvvələrinin gücləndirilməsi vacibliyini bildirib".

Politoloq qeyd edib ki, Dövlət katibi Entoni Blinken çinli həmkarı Van Yi ilə tez-tez görüşsə də, o da Çinin artan gücünü ölkəsi üçün əsas təhlükələrdən biri hesab edir. Ona görə də Blinken Çinlə münasibətlərdə güc amilinin vacib olduğunu bildirib:

"Rusiya və Çin də ABŞ-la mübarizənin yeni mərhələsinə hazırlaşırlar. Rusiya prezidenti Vladimir Putin NATO-nun Hind və Sakit okean bölgəsinə genişlənmək istədiyi qənaətindədir. Putinin sözlərinə görə, Vaşinqton Asiyada yeni siyasi və hərbi bloklar formalaşdırır. Bu gizli deyil. ABŞ Asiya və Sakit okean bölgəsi ölkələri ilə siyasi və hərbi əlaqələrini genişləndirmək məqsədilə Vaşinqtonla əməkdaşlıqlarını genişləndiriblər. Bu sırada Hindistan, Yaponiya, Yeni Zellandiya və Avstraliya kimi dövlətlərin adını saymaq olar".

Seyranə Quliyeva / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı