Bakı, 5 iyun, AZƏRTAC
Birinci Avropa Oyunları məşəlinin Bakıya gətirilməsi və beş gün ərzində bayram tədbirlərinin keçirilməsi ilə əlaqədar paytaxtın bəzi küçə və prospektlərində müəyyən saatlarda nəqliyyat vasitələrinin hərəkətinə müvəqqəti məhdudiyyətlər tətbiq olunacaq.
Baş Dövlət Yol Polisi İdarəsindən AZƏRTAC-a bildiriblər ki, bununla əlaqədar iyunun 7-də saat 13:30-dan həmin günün sonunadək paytaxtın Neftçilər prospekti, Üzeyir Hacıbəyov küçəsi, Azadlıq prospekti, Rəşid Behbudov, Zərifə Əliyeva və Rixard Zorge küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. Ayın 6-dan 7-nə keçən gecə saat 01:00-dan 03:00-dək və iyunun 7-dən 8-nə keçən gecə saat 01:00-dan 04:00-dək Neftçilər prospektinin “Azneft” meydanından Muzey Mərkəzinə qədər olan hissəsində hər iki istiqamətdə, habelə iyunun 10-da Şəmsi Bədəlbəyli, Səməd Vurğun küçələri, Bül-bül prospekti, Rəşid Behbudov küçəsi, Azadlıq prospekti, İstiqlaliyyət, Niyazi və Şövkət Ələkbərova küçələrində fasilələrlə 10-15 dəqiqə müddətinə nəqliyyatın hərəkətinə məhdudiyyətlər tətbiq ediləcək.