İstehlakçılara qaytarılan ƏDV-nin məbləği açıqlandı

2024-cü ilin 2 ayı ərzində fiziki şəxs olan istehlakçılar tərəfindən ölkə ərazisində pərakəndə ticarət, ictimai iaşə və tibb fəaliyyəti göstərən şəxslərdən alınmış mallara və göstərilən xidmətlərə görə ödənilmiş ƏDV-nin 29,6 milyon manatı geri qaytarılıb.

Metbuat.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb.

Məlumata görə, alınmış mallara görə ödənilmiş ƏDV-nin bir hissəsinin qaytarılması üçün edvgerial portalında indiyədək 2,7 milyondan çox istifadəçi qeydə alınıb. “ƏDV geri al” layihəsinin tətbiq edildiyi vaxtdan 2024-cü ilin 1 mart tarixinədək portalda qeydiyyatdan keçmiş istehlakçılara ümumilikdə 1,4 milyarddan çox kassa çeki üzrə 545,2 milyon manat ƏDV məbləği geri qaytarılıb.

Vətəndaşları pərakəndə ticarət, ictimai iaşə və tibb xidmətləri sahəsində nağdsız ödəmələr aparmasına stimullaşdıran “ƏDV geri al” layihəsinin reallaşdırılması nəticəsində sözügedən sektorlarda nağdsız ödəmələrin xüsusi çəkisi əhəmiyyətli şəkildə yüksəlib.

Ölkədə yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində də işlər davam etdirilir. Hazırda ölkə üzrə tətbiq olunan onlayn NKA-ların sayı 97 mindən çoxdur. 2024-cü ilin yanvar-fevral ayları ərzində yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 3,5 milyard manatdan çox olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 14,7 faiz çoxdur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı