​Cəzaçəkmə müəssisəsində ilk - Ən Tez Xidmət mərkəzi fəaliyyətə başladı

Penitensiar Xidmətin Lənkəran Penitensiar Kompleksində Azərbaycanda ilk dəfə olaraq "Ən Tez Xidmət" mərkəzi yaradılıb.

Metbuat.az-ın məlumatına görə, xidmətdə məhbusların elektron arayışlar alması, vətəndaşların ailə tərkibi haqqında arayış, notariat xidmətləri, ölkədən çıxışın qadağan olunub-olunmaması haqqında arayış və digər xidmətlərdən qısa zamanda istifadəsinə şərait yaradılıb. Xidmət əmək, maliyyə və digər resurslara qənaət etməklə istənilən yerdə virtual platforma əsasında vətəndaşlara nazirliyə videozəng vasitəsilə müraciət edərək məsafədən müxtəlif ədliyyə xidmətlərindən (notariat, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, məhkəməyə müraciət və məhkəmə qərarlarının icrası və s.) eyni vaxtda yararlanmaq imkanı verir.

Həmçinin, əhaliyə xidmət sahəsində ölkədə ilk dəfə bu platformada tətbiq edilən “süni intellekt” insanın davranışını vizuallaşdıraraq xidmət üçün müraciət etmiş şəxslə ünsiyyət qurur, istəyinə uyğun sənədlərin hazırlanmasını və təqdim olunmasını təmin edir.

Smart konsepsiyaya əsaslanan “Ən Tez” Xidmətində vətəndaşın şəxsiyyəti “Üztanıma” sistemi əsasında avtomatlaşdırılmış qaydada eyniləşdirilir, xidmət üzrə sənədlər isə ani vaxt rejimində icra edilərək yerindəcə çap olunur.

Bu yeni platforma Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü olan DOST, habelə “ASAN xidmət” mərkəzlərində, Heydər Əliyev Beynəlxalq Aeroportunda artıq tətbiq edilir.

“Ən Tez” Xidmətin Lənkəran penitensiar kompleksində istifadəyə verilməsi məhkumlara, onlarla görüşə gələn vətəndaşlara, eləcə də müəssisənin əməkdaşlarına ədliyyə xidmətlərindən yerində bəhrələnmək imkanı verir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı