Azərbaycanda terror təhlükəsi var? - AÇIQLAMA

"Azərbaycanda terror hadisəsinin baş verməsi tamamilə istisna edilmir. Bundan əvvəl dəfələrlə ölkədə terror hadisələri olub".

Bu sözləri Metbuat.az-a açıqlamasında politoloq Turab Rzayev deyib. O bildirib ki, beynəlxalq terror təşkilatlarının və yaxud Ermənistanın arxasında durduğu hadisələr olub:

"44 günlük müharibə dövründə, ondan əvvəl və sonra dəfələrlə Azərbaycan daxilində bu cür terror aktlarının törədilməsinə cəhdlər olub. Əlbəttə ki, bunların bir çoxunun qarşısı hüquq-mühafizə orqanları tərəfindən alınıb. Azərbaycan milli təhlükəsizlik arxitekturası elə qurulub ki, bir çox hallarda bu məlumatlara öncədən sahib olur. Həmin terrorçuların planları izlənilir. Daha sonra ifşa olunur. Ona görə bu, cəmiyyətdə çox rezonans doğurmur. Sadəcə açıqlamalar olur ki, hər hansısa silahlı şəxslər saxlanıldı. Əslində onların bir çox niyyətləri, terror planları cəmiyyətin diqqətinə çatdırılmır. Ancaq bu o demək deyil ki, bu cür hadisələrə cəhdlər olmur. Xüsusilə 44 günlük müharibədən sonra Azərbaycan daxilində fərqli şəkildə təxribatlar, terror və s. törətməklə bağlı dəfələrlə bu cür addımlar atılıb".

Politoloq qeyd edib ki, yenə bu cür addımların atılacağı istisna deyil:

"Azərbaycan təhlükəsizlik arxitekturasının bir sıra dövlətlərlə məlumatların alış-verişi sahəsində də təcrübəsi mövcuddur. Azərbaycan dövləti terrorizmlə mübarizədə sülhməramlı qismində iştirak edib. Bu məlumatların bölüşdürülməsi də özlüyündə ehtiva edir ki, bu halların qarşısı alınsın. Eyni zamanda təsadüfi deyil ki, İŞİD-in və digər radikal təşkilatların Asiyaya marağı artır. Rusiyada terrorda şübhəli bilinənlərin tacik əsilli olması, paralel olaraq Qırğızıstanda prezidentə sui-qəsdlə bağlı məlumatların açıqlanması bununla bağlı şübhələri artırır.

Xüsusilə bizim coğrafiyada silahlı qruplaşmalardan, polimentar qruplardan, dini-radikal dəstələrdən istifadə edən dövlətlər var. Bütün bunlar həm cəmiyyətdən, həm də dövlət təhlükəsizlik orqanlarından ayıq-sayıq olmağı tələb edir".

Seyranə Quliyeva / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı