Milli Məclis Mülki Prosessual Məcəllədə, Ailə Məcəlləsində və “Məişət zorakılığının qarşısının alınması haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini üçüncü oxunuşda təsdiq edib.
Metbuat.az xəbər verir ki, qanun layihəsi parlamentin martın 29-da keçirilən plenar iclasının gündəliyinə daxil edilib.
Layihə uşaq hüquqlarının müdafiəsinin dövlət təminatı istiqamətində qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə hazırlanıb. Bir çox hallarda yetkinlik yaşına çatmayanların hüquqlarını müdafiə edən orqan qismində Baş Prokurorluq tərəfindən azyaşlıların həyatı üçün təhlükə yaradan valideynlərin valideynlik hüquqlarının məhdudlaşdırılması barədə çoxsaylı iddialar qaldırılsa da, məhkəmələr tərəfindən Prokurorluğun qeyd edilən iddianı qaldırmağa subyektiv hüququ olmaması əsası ilə iddialar təmin edilmir. Bu baxımdan Ailə Məcəlləsinə təqdim olunan dəyişikliklər valideynlərin valideynlik hüquqlarının məhdudlaşdırılması və valideynlik hüquqlarından məhrum edilməsi barədə iddia qaldırmaq hüququ olan şəxslər sırasına Prokurorluq orqanlarının da əlavə edilməsini özündə ehtiva edir.
Layihədə uzunmüddətli mühafizə orderinin verilməsinə dair xüsusi icraatı tənzimləyən normaların olması zərurətini nəzərə alaraq, Mülki Prosessual Məcəllədə müvafiq dəyişikliklərin edilməsi təklif olunur.
Bununla yanaşı, "Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020-2023-cü illər üçün Milli Fəaliyyət Planı"nın müvafiq bəndinə əsasən məişət zorakılığından zərər çəkmiş şəxslərin səmərəli məhkəmə müdafiəsinin əsasını təşkil edən maddi hüquq normalarının tətbiqi zəruri prosessual normaların mövcudluğunu tələb etdiyindən "Məişət zorakılığının qarşısının alınması haqqında" Qanunda dəyişiklik olunması nəzərdə tutulur.