Regionun “qoynunda yatan” təhlükə: Metsamor Çernobıl və Fukusima qəzalarına doğru aparır?

Amerika Siyasi Elmlər Assosiasiyasının üzvü Brenda Şaffer Ermənistandakı “Metsamor” Atom Elektrik Stansiyası barədə açıqlama verib. O bildirib ki, AES-in istismar müddətinin uzadılması Gürcüstan, Türkiyə, Azərbaycan, İran və Qara dənizin cənub regionunun əhalisinin, ilk növbədə isə Ermənistanın özünün əhalisinin həyatı və sağlamlığı üçün təhlükə yaradır.

Bir müddət öncə Ermənistanın baş naziri Nikol Paşinyan 2036-cı ildə “Metsamor” AES-də hazırkı aqreqatın istismar müddətinin başa çatdıqdan sonra yeni enerji blokunu işə salmağı planlaşdırdıqları barədə açıqlama vermişdi.

Mütəxəssislər bildirir ki, İrəvandan cəmi 35 km aralıda yerləşən “Metsamor”da “Çernobıl” kimi qoruyucu qat yoxdur. Əgər hər hansı hadisə baş verərsə, Çernobılda olduğu kimi, bu AES- asanlıqla irimiqyaslı radiasiya çirklənməsinə səbəb ola bilər.

Məsələ ilə bağlı Azərbaycan vətəndaş cəmiyyəti təmsilçiləri Nüvə Enerjisi Sammitinin rəhbərliyinə açıq məktub ünvanlayıb.

Bildirilib ki, Köhnə texnologiya ilə işləyən, 9.5 ballıq seysmik zonada 1976-cı ildə inşa edilmiş, cəmi 8 bala hesablanmış Metsamor Atom Elektrik Stansiyası Azərbaycan, Türkiyə, Ermənistan və bütün region üçün böyük nüvə təhlükəsi yaradır. Ermənistan hakimiyyətinin bu AES ilə əlaqədar məsuliyyətsiz davranışları, dünya ictimaiyyətini aldatmağa hesablanan yalan hesabatları bölgəni növbəti Çernobıl və Fukusima qəzalarına doğru aparır. Hər keçən gün bu risk daha da böyüyür. Metsamor Atom Elektrik Stansiyasını istismardan çıxarmaq, beynəlxalq ictimaiyyətin gözlədiyi qayda və prosedurlara əməl etmək əvəzinə, Ermənistan hakimiyyəti hər dəfə onun ömrünü süni şəkildə uzatmağa çalışır. Metsamor Atom Elektrik Stansiyasının tullantılarının yerləşdirildiyi poliqonların artıq dolduğu və yeni nüvə tullantıları poliqonunun yaradılması göstərir ki, bu tullantıların yerləşdirilməsi ilə bağlı ciddi problemlər mövcuddur.

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi və digər aidiyyəti beynəlxalq qurumları bu sahədə əsas təsirlənən ölkə kimi Azərbaycan Respublikası ilə sıx əməkdaşlığa çağırırıq.

Məsələ barədə Metbuat.az-a açıqlama verən hərbi ekspert Emin Həsənli bildirib ki, stansiyanın fəaliyyətinin dayandırılmasını Azərbaycan Ermənistandan tələb edib. Ekspert deyib ki, Ermənistan Azərbaycanın tələblərini yerinə yetirməsə, “Dəmir yumruq” sözünü deyəcək:


“Ermənistanın bir çox şirkətləri Rusiyadan asılıdır. Uzun illər Ermənistan həm siyasi, həm hərbi, həm iqtisadi baxımdan Rusiyanın təsirində idi. İndi Qərbə doğru meyillənən Ermənistandan tələb də odur ki, bu istiqamətdə addımlar atsın. Amerikanın dünyada ikinci ən böyük səfirliyi Ermənistandadır. Eyni zamanda Fransanın çox böyük təsiri var. Ona görə də Ermənistan bütün sahələrdə, o cümlədən də enerji sahəsində də Qərblə əməkdaşlıq etməyə üstünlük verir”.

Hərbi ekspert vurğulayıb ki, “Metsamor” AES-in gələcəkdə Qərb standartlarına uyğunlaşmasını istəyir. Elə bu məsələnin həllinin uzadılması səbəblərindən biri də budur:

“Hesab edirəm ki, Ermənistan yaxınlarda bir çox məsələlərdə olduğu kimi, bu məsələdə də Türkiyə və Azərbaycanın mövqeyini nəzərə almağa məcbur olacaq. 44 günlük Vətən müharibəsində Azərbaycanın öz ərazi bütövlüyünü, suverenliyini təmin etdi. Gələcək məsələlərdə də Ermənistan məcburdur ki, Azərbaycanla hesablaşsın. Əks halda onlar üçün daha ağrılı olacaqdır. Ermənistan bilməlidir ki, okeanın o tayından və yaxud Avropa ilə hesablaşmaqdansa, qonşu dövlətlərlə normal münasibət yaratmaq lazımdır”.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı