Yazda xəstələnməmək üçün nə edək? - Terapevt açıqladı

“Bizim immun sistemimiz orqanizmi infeksiyalara, bakteriyalara və mikroblara qarşı qoruyur. İmmun sistemin zəifləməsinin bir çox göstəricisi olsa da, ən mühüm olanı tez-tez təkrarlanan infeksiyalardır”.

Metbuat.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Zakir Quliyev Nazirliyin sosial şəbəkədəki hesabında canlı yayım zamanı deyib.

Terapevtin sözlərinə görə, immun sistemin zəifləməsində anadangəlmə xroniki xəstəliklər və infeksiya kimi faktorlarla yanaşı, qeyri-sağlam qidalanmanın da, böyük təsiri var.

“Araşdırmalar göstərir ki, immunitetin güclü olması əhəmiyyətli dərəcədə qida rasionundakı makro və mikro elementlərin normasından asılıdır. İmmun sistemin zəifləməsinin ən çox yayılmış səbəbi balanssız qidalanmadır. Az proteinli qidalanma, artıq çəki və həddindən artıq arıqlıq immun sistemini zəiflədən amillərdir”.

Həkim vurğulayıb ki, orqanizmdə immuniteti gücləndirmək üçün yuxu rejiminə diqqət yetirmək əsas şərtlərindən biri sayılır:

“Ümumiyyətlə, insanlar işlənmiş qidalardan uzaq durmalıdır. Keyfiyyətli və balanslaşdırılmış qidalar immun sistemini gücləndirmək üçün ən yaxşı üsullardan biridir. Eyni zamanda mövsümündə qəbul edilən çoxlu meyvə-tərəvəz yemək və təbii şirələr də imunitetimizə yaxşı təsir edir.
Xüsusilə ümumi gigiyenaya, əsasən də əllərin gigiyenasına diqqət yetirmək vacibdir. Müntəzəm olaraq idmanla məşğul olmaq güclü immun sistemi üçün vacibdir. Pis vərdişlərdən, (tütünçəkmə və spirtli içkilərdən istifadə) əsəb və stressdən maksimum uzaq durmaq lazımdır”.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı