Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti ölkədə quduzluq xəstəliyinin yayılmasının qarşısını almaq məqsədilə yeni layihəyə başlayıb.

Hələlik pilot layihə kimi sınaqdan keçirilən bu üsul ölkənin qərb rayonlarında vəhşi heyvanlar üzərində yoxlanılıb.

Ximdətin sektor müdiri Kliment Əsədovun sözlərinə görə, hər il quduzluğa yoluxma ilə bağlı təxminən 15-50 fakt qeydə alınır. Bu layihə öz təsdiqini tapacağı halda bu sayın xeyli azalacağı gözlənilir.

“Pirmanka deyilən bir metod var. Bununla heyvanlar üzərində vaksinasiya apardıq. Bunun nəticəsini isə biz bu ilin payızında biləcəyik, effekt verib yoxsa yox. Biz bunun gələcəkdə genişlədirib böyük bir layihə formasına çevirmək istəyirik. Məqsdə isə bütün respublikanın hər tərəfində quduz heyvanlara qarşı bunu tətbiq edək”, - deyə Kliment Əsədov bildirib.

Bundan əlavə Respublika Baytarlıq Xidməti tərəfindən 255 mindən çox qeydiyyatda olan itlərin vaksinasiyası da həyata keçirilir.

Quduzluğa yoluxmanın qarşısını almaq üçün xidmət maarifləndirici işlərin aparılmasına da start verib.