Sanitariya-Karantin Mərkəzinin baş direktoru həbs edildi - FOTO

Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən əhalinin sağlamlığının qorunması sahəsində insan və vətəndaş hüquqlarının təmin olunması və etibarlı müdafiəsi, sanitariya-gigiyena xarakterli tədbirlərin icrası zamanı yol verilən qanunsuzluqların aşkar olunaraq qarşısının alınması, o cümlədən hüquqpozmalara yol verən şəxslərin məsuliyyətə cəlb olunması istiqamətində mütəmadi olaraq Səhiyyə Nazirliyi ilə birgə kompleks tədbirlər həyata keçirilir.

Metbuat.az xəbər verir ki, bu barədə Baş Prokurorluq və Səhiyyə Nazirliyinin birgə məlumat yayıb.

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Sanitariya-Karantin Mərkəzi publik hüquqi şəxsin baş direktoru Saleh Novruzi, direktor müavini Yadulla Balışov və Laboratoriya şöbəsinin müdiri Tahir Vəliyev cinayət başında yaxalanıblar.

Fakt üzrə Baş İdarədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Əməliyyat-istintaq tədbirləri ilə həmin şəxslərin qabaqcadan əlbir olaraq müayinə məqsədli nümunələr götürülmədən idxal və daxili istehsal məhsullarının gigiyenik sertifikatlaşdırılması və digər bu kimi qanunsuz hərəkətləri müqabilində işlədikləri quruma müraciət etmiş ayrı-ayrı vətəndaşların külli miqdarda pul vəsaitlərini rüşvət qismində almalarına əsaslı şübhələr müəyyən edilib.

Qeyd edilən vəzifəli şəxslərin xidməti otaqlarında və digər ünvanlarda aparılmış axtarışlarla iş üzrə əhəmiyyət kəsb edən sənəd və başqa sübutlar aşkar edilərək götürülüb.

İlkin sübutlar əsasında Saleh Novruzi, Yadulla Balışov və Tahir Vəliyev şübhəli şəxs qismində tutularaq Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2, 311.3.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar və külli miqdarda rüşvət alma) və 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, hər 3 şəxsin yaşı və səhhəti nəzərə alınmaqla, barələrində istintaq orqanının vəsatəti, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə ev dustaqlığı (əsas) və vəzifədən kənarlaşdırma (əlavə) növündə qətimkan tədbirləri seçilib.

Hazırda iş üzrə bütün qanunazidd hallar tam və hərtərəfli araşdırılmaqla digər təqsirli şəxslərin müəyyənləşdirilməsi istiqamətində zəruri istintaq-əməliyyaAt tədbirləri davam etdirilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı