Bu şəxslərdə xərçəngin yaranma ehtimalı daha böyükdür

Mobil telefonların insan orqanizminə təsiri artıq neçə illərdir ki, alimlərin ciddi araşdırma mövzusuna çevrilib. Tədqiqatçıların qənaətləri müxtəlif olsa da, ümumilikdə bu rabitə növünün insan sağlamlığına təsiri o qədər də ürəkaçan deyil.

Metbuat.az xəbər verir ki, bunu ATU-nun Tədris Cərrahiyyə Klinikasının nevropatoloqu Yeganə Rəşidova deyib.

Onun sözlərinə görə, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən 10 il ərzində 13 ölkədə aparılan tədqiqatların nəticəsinə əsasən, mobil telefonlardan çox istifadə edən insanlarda xərçəng xəstəliklərinin yaranma ehtimalı daha böyükdür və statistika göstərir ki, mobil telefon aludəçiləri xərçəng xəstəliklərinə 50 faiz daha çox tutulurlar: “Müasir mobil telefonlarla danışan zaman bir dəqiqə ərzində insan beyninə 217 elektromaqnit impuls ötürülür. Təbii ki, bu “zərbə”lərə hamı tab gətirə bilmir. Xüsusilə məktəb yaşlarında olan uşaqlara bu, olduqca mənfi təsir göstərir. İsveçdə aparılmış tədqiqatların nəticələrindən aydın olub ki, 8-12 yaşlarında mobil telefondan istifadə edən uşaqlar 21 yaşda mobil telefondan istifadə edənlərdən daha çox mənfi təsirə məruz qalırlar. Mobil cihazlardan asılılıq insanlara, ilk növbədə, fiziki baxımdan mənfi təsir göstərir. Bu cihazların yaratdığı şüalar hətta genlərin mutasiyasına səbəb ola bilər. Ümumiyyətlə, mobil telefonlar radioqəbuledicidir və burda çox böyük radiodalğalar sayəsində maqnit sahəsi yarandığından, xüsusən uşaq orqanizminə, yaşlı insanlara, hamilə qadınlara zərərlidir”.

Həkim deyir ki, işdə və evdə olarkən mobil telefonu özündən kənarda saxlamaq lazımdır: “Telefondan gün ərzində minimum istifadə edilməlidir. Daha yaxşı olar ki, mobil telefonla danışan zaman qulaqcıqlar və digər xüsusi qurğulardan istifadə olunsun. İnsanlar gecə yatanda mobil telefonlarını bədəndən mümkün qədər uzaq məsafədə saxlamalıdır. Bu məsafə ən azı 2 metr olmalıdır. Bu, radiasiyanın təsirinin və bununla da sağlamlıq üçün risklərin azalmasına kömək edər. Şüalar, ilk növbədə, ürək ritminə mənfi təsir göstərir, həmçinin orqanizmin özünü tənzimləmə prosesinə mane olur, bioritmləri zəiflədir, orqanizmi həyəcanlandırır”.

Mütəxəssis mobil telefonların mənfi təsirlərindən qaçmaq üçün əlavə məsləhətlər də verib: “Hər axşam yuxudan iki saat əvvəl mobil telefonu söndürün. Halbuki, bu əsas üsuldan çox az istifadə edirlər. Ən azı interneti bağlayın, bu zaman ətrafda şüalanma az olacaq. Telefonu üzərinizdə gəzdirməyin, xüsusilə ürəyinizə yaxın bir yerdə saxlamayın və çalışın ki, zəngli saat qurmaq üçün ondan istifadə etməyəsiz. Elektrik şəbəkəsinə qoşulmuş telefonu qətiyyən yastığın altına qoymayın”.

Telefondan minimum istifadə etməyin və onu bədənimizdən ən azı 2-2,5 metr məsafədə saxlamağın vacibliyini bir daha vurğulayan həkim, onun yuxu pozulmasına səbəb olduğunu da nəzərə çatdırıb. Belə ki, gecə vaxtı telefon ekranının işığı beynimizə sanki hələ də gündüz olması siqnalını ötürür.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı