“Qarabağın Rəngləri” layihəsinin qala gecəsi keçirildi

Qarabağ Dirçəliş Fondunun təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının təşkilati dəstəyi ilə reallaşan “Qarabağın Rəngləri” layihəsinin qala gecəsi keçirilib.

Metbuat.az xəbər verir ki, tədbirdə “Qarabağın Rəngləri” layihəsi çərçivəsində hazırlanan sənət əsərlərindən ibarət sərgi nümayiş olunub.

Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev “Qarabağın Rəngləri” layihəsi ilə bağlı məlumat verərək bildirib ki, layihənin həyata keçirilməsində başlıca məqsəd ölkə ictimaiyyətinin işğaldan azad edilmiş ərazilərin bərpası kimi mühüm bir missiya ətrafında birləşərək bərpa və quruculuq işlərinə töhfə verə bilməsi və ən əsası bu torpağın gözəlliyinin və Azərbaycan xalqının mədəni irsinin təbliğ olunmasıdır:

“Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı möhtəşəm Zəfərdən sonra doğma Qarabağda aparılan bərpa və yenidənqurma işləri sürətlə davam etdirilir.

Qarabağ Dirçəliş Fondu tərəfindən Qarabağın dirçəlişinə ianələrin cəlb edilməsi, bu sahədə aktiv iştirakçılığın, habelə fərdlər arasında məsələyə məqsədyönlü və şüurlu yanaşmanın təmin edilməsi üçün bir sıra tədbirlər həyata keçirilir. Bu kontekstdə ianə mədəniyyətinin təşviqi və iştirakçılığın artırılması istiqamətində mədəni - kütləvi tədbirlərin və layihələrin təşkili xüsusi önəm daşıyır. “Qarabağın Rəngləri” layihəsi də məhz bu qəbildən olan layihələrdəndir”.

Qeyd olunub ki, layihə çərçivəsində Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının tələbəsi olan 23 nəfər istedadlı gənc rəssam və heykəltaraş tərəfindən Qarabağın zəngin və rəngarəng təbiətini, tarixi abidələrinin səssiz hekayələrini, mədəni irsin döyünən nəbzini və xalqımızın əzmkar ruhunu əks etdirən 19 rəngkarlıq və 4 heykəltaraşlıq əsəri ərsəyə gətirilib. Gənc müəlliflərin hazırladıqları çox məzmunlu sənət əsərlərinin böyük bir hissəsi artıq layihənin rəsmi www.colorsofkarabakh.com internet səhifəsi vasitəsilə satılıb.

Xüsusi olaraq vurğulanıb ki, əsərlərin satışından əldə olunacaq vəsait Ağdam rayonunun ərazisində yerləşən və hazırda Qarabağ Dirçəliş Fondunun maliyyə dəstəyi ilə bərpa olunan Pənahəli xanın İmarət kompleksinin bərpasına yönəldiləcək.
Çıxışlardan sonra “Qarabağın Rəngləri” layihəsinə həsr olunan “Qarabağın Rəngləri 2023” sənədli filmi nümayiş etdirilib.
Filmin nümayişindən sonra “Qarabağın Rəngləri” layihəsi çərçivəsində hazırlanan əsərlərin yeni sahiblərinə “Xalislik” sertifikatı təqdim olunub.

Qeyd olunub ki, işğaldan azad edilmiş ərazilərin bərpasına töhfə vermək məqsədilə Fonda ianə edilərək əldə edilən əsərlər yaxın zamanda sahiblərinin razılığı ilə Bakının məşhur qalereyalarının birində açıq sərgi formasında nümayiş olunacaq.

Qeyd edək ki, tədbir zamanı Qarabağ Dirçəliş Fondu tərəfindən həyata keçiriləcək digər layihələr – “Qarabağ Gecəsi” xeyriyyə konserti və “Dirçəliş Kuboku” ilə bağlı məlumatlar da tədbir iştirakçılarının diqqətinə çatdırılıb, onlara hər iki layihə ilə bağlı geniş məlumat verilib.
Daha sonra Qarabağın zəngin və rəngarəng mənzərəsini, tarixi abidələrinin səssiz hekayələrini, mədəni irsin döyünən nəbzini və xalqımızın əzmkar ruhunu özündə birləşdirən bu əsərlərin ərsəyə gəlməsində mentor kimi verdikləri əvəzsiz töhfəyə görə ölkəmizin tanınmış Xalq rəssamları - Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru Natiq Əliyev, Akademiyanın prorektorları Səlhab Məmmədov və Fuad Salayevə xüsusi plaket təqdim olunub.

Eyni zamanda layihəyə verdiyi təşkilati dəstəyə görə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasına “Təşəkkür” sertifikatı verilib. Sertifikat Akademiyanın rektoru Natiq Əliyevə təqdim olunub.

Tədbir zamanı “Azərxalça” ASC tərəfindən Qarabağ Dirçəliş Fonduna hədiyyə edilmiş “Qarabağ incisi” xalçası da iştirakçılara təqdim edilib. “Azərxalça” ASC-nin İdarə Heyətinin sədri Emin Məmmədov Qarabağın rənglərini özündə təcəssüm etdirən xalça ilə bağlı geniş məlumat verib.

Qeyd olunub ki, toxunmasına 2022-ci ilin noyabr ayında başlanan xalçaya ilk ilmələri Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva atıb. Daha sonra 42 ölkədən olan 162 qonaq da xalçaya ilmə atmaqla bu möhtəşəm sənət əsərinin bir parçasına çevriliblər.
Sonra “Qarabağın incisi” xalçasının simvolik ipinin kəsilməsi mərasimi keçirilib, qədim adət-ənənəyə uyğun olaraq xalçanın üzərinə şirniyyat səpilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı