Vister Fransanın təsiri altındadır - Millət vəkili

“Lüksemburq parlamentinin sədri Kold Vister qonşuları Fransanın və Belçikanın təsiri altındadır. Ona görə də qonşulardan hansı külək əsirsə, Kold Vister də həmin küləklə yellənir”.

Bunu Metbuat.az-a millət vəkili Azər Badamov deyib. O bildirib ki, Lüksemburq cırtdan dövlətdir və bir az güclü külək əssə, özünü külək apara bilər:

“Lüksemburq Avropanın mərkəzində oturub özünü hamıdan böyük görür, ermənilərin dəstəyinə gəlib Azərbaycanı ittiham edir. Kold Vister yəqin ki, regionda baş verən proseslərdən xəbərsizdir. O, Azərbaycan torpaqlarını 30 il işğal altında saxlayan və 1 milyon azərbaycanlını öz doğma yurdlarından qaçqın və məcburi köçkün salanın Ermənistan olduğunu bilmir. Həm də Lüksemburqun böyük əraziləri olsaydı, torpaq nədir, qədrini bilərdi. Görünür, Vister azad etdiyimiz ərazilərin Lüksemburqdan dörd dəfə böyük olduğu haqqında məlumatsızdır”.

Azər Badamov qeyd edib ki, Ədalət Məhkəməsi Lüksemburqda olsa da, bu məsələdə ədaləti bərpa edən Azərbaycandır:

“Bu gün Azərbaycanla Ermənistan arasında aparılan ikitərəfli danışıqlardan, münasibətlərimizin normallaşmasına gedən yoldan da yəqin ki Lüksemburqun xəbəri yoxdur. Avropa Ədalət Məhkəməsi Lüksemburqda yerləşdiyinə görə Vister elə bilir ki, onun dediyi hər bir söz ədalətlidir.

Vister Azərbaycanla Ermənistan arasında aparılan və nəticə yönümlü ikitərəfli danışıqlar prosesinə mane olmaq əvəzinə, ermənilərin xoşuna gələcək başqa bir işlə məşğul olsun. Çünki Lüksemburq ədalətdən çox uzaqdır və bizi ittiham edə bilməz”.

Xatırladaq ki, Lüksemburqun Deputatlar Palatasının sədri Klod Visler Ermənistana səfəri çərçivəsində mayın 22-də parlamentdə çıxışı zamanı Azərbaycanın ünvanına bir sıra ittihamlar səsləndirib. Milli Məclis bu qərəzli və absurd fikirləri kəskin şəkildə qınayır və qətiyyətlə etiraz edir.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR