6 ay komada qaldı, dəfndə oyandı - Azərbaycanda MARAQLI OLAY

"Altı ay komada qaldığımı, dəfnə aparılanda isə ayıldığımı biləndə dəhşətə gəldim. O anda həyat yoldaşımın nələr çəkdiyini düşündüm".

Metbuat.az bildirir ki, bu sözləri "Bizimmedia.az"a 65 yaşlı Füzuli sakini İman Əbdül oğlu Hümbətov deyib. Ölüb-dirilən İman Hümbətov başına gələnləri belə nəql edir:

"Elə bil ölmüşdüm. Sən demə, altı ay komada qalmışam. Heç nə görməsəm də, yanımda danışılanların hamısını eşidirdim, amma gözümü açıb reaksiya verməyə gücüm çatmırdı. Sanki dərin quyunun içindən qurtulmağa çalışırammış kimi, çabalayırdım".

Altı aydan sonra Bakıdakı xəstəxanalardan birində İman kişinin oyanmadığını və müalicələrin effekt vermədiyini görən həkimlər, onu dəfn üçün xəstəxanada yuyub Füzuliyə göndəriblər.

Hadisənin maraqlı tərəfi məhz bundan sonra başlayıb:

"Yolda heç nədən xəbərim olmayıb, bir qəfil hiss etdim ki, təbii ehtiyacım yaranıb, elə onda da ayıldım. Təcili yardım maşınında idim, üzümü açdılar, sanki yer-göy başıma hərlənirdi. Oyandığımı görüb, məni yenidən Bakıya qaytardılar, müalicə aldım və sağaldım.

1-2 ay danışa bilmədim, yalnız əl-qol hərəkətləri ilə istəklərimi izah edə bilirdim. Ürəyim çox sağlam idi. Elə komadan ayılmağıma səbəb də məhz ürəyimin gücü oldu. Əsas problemim başımda idi. Beynimə qan sızmışdı deyə, komaya düşmüşdüm. Həkimlər mən ayılandan sonra başımdan 30 şprisə yaxın qan çəkdilər".

İman kişi başına gələn hadisənin fəsadlarını hələ də yaşayır:

"Mən işləyə bilmirəm, evə həyat yoldaşım baxır. Övladlarımız da yoxdur. Əvvəl qoyunlarımız var idi, xəstələnənə qədər çoban idim. Xəstə düşəndən sonra hamısını satdıq, maşın aldım, yoldaşımı işə qoydum. İndi həm eşitməyim, həm də yaddaşım zəifləyib. Beynim məni idarə edə bilmir, başım ağrıyır, heyim olmur. Nə etmək olar, hər kəsin başına bir cür iş gəlir, qəbul etməkdən başqa çarəm yoxdur".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı