Pəhriz menyusu alanları bu təhlükə gözləyir

Son zamanlar sosial şəbəkələrdə arıqlamaq istəyənlər üçün 10-15 manata pəhriz yazan "dietoloqlar"ın sayı xeyli artıb. Bu marafonlara qoşulan insanların sayı da az deyil. Bəs, bu pəhrizlərdən istifadə etmək nə dərəcədə düzgündür?

Mövzu ilə bağlı Metbuat.az-a danışan sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova bildirib ki, belə pəhrizlərin yazılması zərərli ola bilər:

"Bu gün sosial şəbəkələrdə dietoloq və yaxud başqa şəxslərin insanlara pəhrizlər təklif etməsi, kiminsə haqqında dəqiq məlumatı olmadan çəki vermək və almaq üçün menyu təyin etməsi sağlamlıq üçün təhlükəlidir. Çünki, hər hansısa şəxsə menyu təklif olunacaqsa, onun alergiyasının, xroniki xəstəliklərinin olub-olmamasını bilmək lazımdır".

Məhsəti Hüseyova qeyd edib ki, insanın sağlam çəkiyə sahib olması üçün, yaşına, cinsinə, yağ kütləsinə, gündəlik fiziki aktivliyinə görə qidalanması fərqli olmalıdır:

"Hamı sağlamlığını qorumaq üçün vitamin və minerallarla zəngin qidalar qəbul etməlidir. Normal enerji qabiliyyətini və həyat fəaliyyətini sürdürmək üçün, 40-dan 70-ə qədər makro və mikro elementlər lazımdır ki, bunları da qidalarla ala bilirik.

Menyu tətbiq olunarkən, qəbul olunacaq qidalar düzgün təyin olunmalıdır. Həmin qidaların nə dərəcədə keyfiyyətli olmasına diqqət edilməlidir. Pəhriz zamanı 25 yaşa qədər olan insanlar 3 dəfə, 25 yaşdan yuxanı insanlar isə 2 dəfə əsas yemək qəbul etməlidir. Meyvə və tərəvəzləri istifadə edərkən mümkün qədər yerli və mövsümi olanlara üstünlük vermək lazımdır. Tərəvəzlərin lifli qida olması, bağırsaqların hərəkətliyini təmin edir".

Ekspert onu da vurğulayıb ki, bəzən pəhriz saxlayarkən, arıqlama, bitki çayları tövsiyyə olunur. Bu da təhlükəyə səbəb ola bilər:

"Çünki mənşəyi bəlli olmayan bitki çayları insan orqanizmində problemlərə səbəb olur. Xüsusən paket çaylarının tərkibindəki kimyəvi maddələr orqanizmin təbii funksiyalarını pozur. Bu da gələcəkdə sağalmaz xəstəliklərə yol açır. Bitki çaylarının isə sidikqovucu, ödqovucu kimi xüsusiyyətləri olduğu üçün, yan təsirlərinin olması ehtimalı daha çoxdur. Ona görə də, bunlardan istifadə etmək olmaz. Bunun əvəzinə təmiz sudan istifadə etmək daha məsləhətlidir.

Eyni zamanda, monoton pəhrizlərdən birmənalı şəkildə uzaq durmaq lazımdır. Monoton pəhrizlər az müddətdə tez çəki versə də, orqanizmdə vitamin çatışmazlığına səbəb olur. Bu da saç tökülməsinə, dəri xəstəliklərinə və daxili orqanların fəaliyyətinin pozulmasına gətirib çıxarır".

Seyranə Quliyeva / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı