Sülh müqaviləsini dalana dirəndirən əsas səbəb budur - Politoloq

Son vaxtlar Azərbaycan Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına mane olan səbəblərdən biri kimi, Ermənistan konstitusiyasının dəyişdirilməsi irəli sürülüb.

İrəvanın bu addımı atmağa maraqlı olub-olmaması barədə Metbuat.az-a açıqlama verən politoloq Turab Rzayev bildirib ki, Ermənistan konstitusiyasında Azərbaycanın ərazi bütövlüyünə iddia var:


“Ermənistan müxtəlif qanunlarla Qarabağın Ermənistana birləşdirilməsini qəbul edib. Hətta Ermənistanda hansısa prezidentə Qarabağın Ermənistandan ayrılmasını qadağan edən akt da var. Ermənistan gerbinin təsvirində Ağrı dağının əks olunması isə İrəvan-Ankara arasında danışıqlarında maneçilik yaradır. İndiki məqamda Nikol Paşinyan hakimiyyəti daxili siyasəti təzyiqlərdən dolayı bu addımı atmaqdan çəkinir. Dörd kəndin qaytarılmasından sonra İrəvanda keşişin rəhbərliyi ilə etiraz aksiyaları keçirildi. Məqsəd müxalifətlə birləşib Paşinyan hakimiyyətini qorxutmaqdır. Elə bu etirazlar dalğası da Paşinyanı konstitusiyaya dəyişiklik etməkdən çəkindirir”.

Hazırda Azərbaycanın sülh müqaviləsi imzalamaq üçün ciddi əngəlin olmadığını qeyd edən politoloq bildirib ki, indiki şərtlərlə imza atmaq Paşinyan üçün problem yarada bilər:

“Sülh müqaviləsi indiki şərtlərlə imzalanarsa, Paşinyan Ermənistan konstitusiyasına əsasən digər qanunları pozmuş olacaq. Digər tərəfdən də biz ehtiyat edirik ki, gələcəkdə Paşinyan hakimiyyətinin yerinə hansısa revanşist qüvvələr, Köçəryan-Sarkisyan cütlüyün idarə etdiyi klandan kimsə keçə bilər.

Onlar Paşinyanı qanunvericiliyi pozub, hüququ olmadan sülh müqaviləsi imzalamaqda günahlandıra bilərlər. Qanuna əsasən qüvvədən düşdüyü elan edilən sülh müqaviləsi Azərbaycan və Ermənistan arasında münaqişəyə səbəb ola bilər”.

Politoloq onu da qeyd edib ki, istənilən halda Ermənistanın Azərbaycan qarşısında hərbi və ya siyasi gücünün artacağını düşünmür, əksinə azala bilər.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı