Tovuz, 6 iyun, Famil Quliyev, AZƏRTAC
İyunun 6-da Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən Tovuz, Qazax və Ağstafa rayonlarında XI sinif şagirdləri üçün buraxılış imtahanları keçirilib.
Tovuz rayonunda A.Puşkin və N.Tusi adına şəhər, Əyyublu və Azaflı kənd tam orta məktəblərində keçirilən imtahanlar saat 15-də başlanıb və 17:45-də yekunlaşıb.
A.Puşkin adına məktəbdə imtahanın rəhbəri Müşviq İsrayılov AZƏRTAC-a bildirib ki, Tovuz rayonunda keçirilən buraxılış imtahanlarında 1619 şagird iştirak edib. İmtahan vaxtı hər hansı qanun pozuntusu qeydə alınmayıb.
TQDK-nın Gəncə regional bölməsinin müdiri Nəsimi Məmmədovun AZƏRTAC-a verdiyi məlumata görə, imtahanlarda şagirdlər Azərbaycan dili, riyaziyyat və xarici dil fənlərinin hər birindən 30 sualı cavablandırıblar. Xarici dil keçməyən şagirdlərə isə kimya fənnindən 30 sual verilib. Ümumilikdə, Tovuz, Qazax və Ağstafa rayonlarında keçirilən buraxılış imtahanlarına 27 nəfər imtahan rəhbəri və 340 nəzarətçi-müəllim cəlb olunub.
Qeyd edək ki, buraxılış imtahanlarında Qazax rayonundan 832, Ağstafa rayonundan isə 695 nəfər XI sinif şagirdi iştirak edib.
